ABŞ Prezidenti formalaşmaqda olan yeni dünya nizamında ölkəsinin hərbi strategiyasını yenidən qurur və əsas prioriteti hava raket‑bomba daşıyıcılarının artırılmasına yönəldir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, strateji bombardmançılar bu gün dünyanın ən bahalı və texnoloji baxımdan ən güclü hava nəqliyyat vasitələri hesab olunur. Qitələrarası uçuş imkanlarına malik olan bu təyyarələr havada yanacaqla doldurula bilir və nüvə silahları daşımaq gücünə sahibdir. Pentagonun son məlumatlarına əsasən, belə bombardmançıların birinin dəyəri təxminən 2 milyard 100 milyon dollar təşkil edir.
Ədalət Verdiyev qeyd edib ki, bu tip aviasiya vasitələrinin alınması ABŞ-ın yeni hərbi doktrinasından xəbər verir. Onun fikrincə, Vaşinqton artıq əsas gücü dəniz qüvvələrindən çox hava hücum potensialının gücləndirilməsinə yönəldir.
Ekspert həmçinin ABŞ-ın dünyada ən güclü aviadaşıyıcı donanmaya malik olduğunu vurğulayıb. Bildirib ki, hazırda ABŞ-ın 13 aviadaşıyıcısı var və hər bir aviadaşıyıcı ətrafında onu qoruyan geniş hərbi qruplaşma fəaliyyət göstərir. Bu qruplaşmaya döyüş gəmiləri, katerlər, sualtı qayıqlar və nüvə reaktorlu hərbi vasitələr daxildir.
Ədalət Verdiyev İranla bağlı son hadisələrə də toxunaraq bildirib ki, ABŞ havada yanacaqla təmin olunan strateji bombardmançılardan istifadə etməklə uzaq məsafəli zərbələr endirmə imkanlarını nümayiş etdirib. Onun sözlərinə görə, bu, Vaşinqtonun milli maraqlarına təhdid yaranacağı təqdirdə oxşar ssenarilərin başqa ölkələrə qarşı da tətbiq edilə biləcəyinə işarədir.
Ekspert ABŞ-ın yeni silah texnologiyaları ilə bağlı açıqlamalarına da diqqət çəkib. O bildirib ki, ABŞ Prezidenti Venesuelada istifadə edilən, ictimaiyyətə məlum olmayan silah sistemləri barədə verdiyi açıqlama ciddi suallar doğurur. Verdiyevin fikrincə, Venesuelanın son illər hava hücumundan müdafiə sistemləri əldə etməsinə baxmayaraq, ölkəyə qarşı həyata keçirilən əməliyyatlarda yüksək sürətli və klassik döyüş aviasiyasının görünməməsi fərqli texnologiyalardan istifadə olunduğunu göstərir.