Paşinyan seçkilərə “sülh mesajı” ilə gedir: Demarkasiya prosesi gündəmdə

Paşinyan seçkilərə “sülh mesajı” ilə gedir: Demarkasiya prosesi gündəmdə
09:20

Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərə üç əsas şüarla qatılır və bu vasitə ilə cəmiyyətə açıq mesajlar verir. O bildirir ki, əgər seçicilər sülhə dəstək verməsələr və revanşist, Rusiyaya bağlı qüvvələr hakimiyyətə gəlsə, regionda yenidən müharibə riski yarana bilər.

Bu barədə politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, Paşinyan çıxışlarında Ermənistan cəmiyyətinə keçmiş “tarixi Ermənistan” ideyasından imtina etməyin vacibliyini izah etməyə çalışır. Baş nazir real Ermənistanın qorunmasının prioritet olduğunu vurğulayır və qeyd edir ki, Qarabağ hərəkatının davam etdirilməsi ölkənin gələcəyini təhlükə altına sala bilər.

Ekspert hesab edir ki, hazırda sülh müqaviləsinin seçkilərə qədər imzalanmasına ehtiyac yoxdur, çünki sənəd artıq böyük ölçüdə razılaşdırılıb və uyğun vaxtda imzalana bilər.

Qasımov əlavə edib ki, paralel olaraq tərəflər arasında dialoq intensivləşir. Xüsusilə, Şahin Mustafayevin Ermənistana səfəri əhəmiyyətli hadisə kimi qiymətləndirilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra münasibətlərin inkişafında yeni dinamika müşahidə olunur.

Bu proses həm rəsmi, həm də ictimai-siyasi səviyyədə davam edir və qarşılıqlı etimad mühitinin formalaşmasına təsir göstərir.

Onun sözlərinə görə, sərhədlərin demarkasiyası ilə bağlı danışıqlar da davam edir. Ermənistan tərəfindən verilən mesajlar bu prosesin irəlilədilə biləcəyini göstərir. Lakin qeyd olunur ki, Azərbaycan və Ermənistan arasındakı sərhədin uzunluğu təxminən min kilometrdir və mürəkkəb coğrafi relyef səbəbindən demarkasiya işlərinin qısa müddətdə başa çatdırılması real deyil.

Bu istiqamətdə proses artıq başlayıb və mərhələli şəkildə davam etdirilir."


Sizin reklam burada
Sizin reklam burada