Ermənistanda dindarlar, kilsə ilə hökumət arasında düşmənçilik dərinləşməkdədir. Paşinyanın son zamanlar II Qareginə bir neçə dəfə söz atması bu düşmənçiliyi daha da dərinləşdirib. "Joğovurd" qəzeti isə bu mövzuda diqqət çəkən məlumat yayıb.
Nəşr yazıb ki, artıq kilsə nümayəndələri barəsində gizli araşdırmalara start verilib: "Bizdə olan məlumata görə, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu yaxınlarda hüquq-mühafizə orqanlarına onlar haqqında məlumat toplamaq üçün tapşırıq verib. 50-yə yaxın din xadiminin siyahısı tərtib ediləcək. Hökumətdəki mənbələrimizin bildirdiyinə görə, məqsəd həmin şəxslərə qarşı gələcəkdə mümkün tədbirləri planlaşdırmaqdır".
Hələlik bu tapşırıq barədə rəsmi məlumat verən, yayılan xəbəri təsdiq edən hər hansı şərh, açıqlama yoxdur. “Joğovurd” dünən Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarkisyandan şərh almağa çalışsa da, o, suala cavab verməyib.
Ermənistan mediası tanınmış nəşrin bu iddiasını geniş şəkildə yayır.
Qeyd edək ki, dövlət strukturları, Paşinyanın komandası ilə kilsə arasında münasibətlər son dərəcə gərgin olaraq qalır. Məsələn, bu gün Nikol Paşinyan növbəti dəfə Katolikos II Qareginin subaylıq andını pozub-pozmaması və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb.
Baş nazir bu barədə özünün Teleqram kanalında yazıb.
"Mənim təsəvvürümə görə, bütün ermənilərin katolikosu danılmaz nüfuz sahibidir, ədalətin dönməz müdafiəçisidir, danılmaz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqəti gizlədə biləcəyinə inana bilmirəm, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şeyin çıxa biləcəyinə inana bilmirəm. Bizim ondan həqiqəti eşitmək haqqımız var”, - Paşinyan yazıb.
Tural