ABŞ Prezidenti Donald Tramp sələfləri Co Bayden və Barak Obama, həmçinin keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klintonla bağlı hüquqi addım atmaq imkanının olduğunu bildirib. Lakin Tramp belə bir qərarın prezidentlik institutuna hörmətsizlik kimi qiymətləndirilə biləcəyini düşünərək bundan imtina etdiyini deyib.
News365.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderinin sözlərinə görə, onun adıçəkilən şəxslərə qarşı məhkəmə iddiası qaldırmaq üçün kifayət qədər əsasları və hüquqi imkanları var. Bununla belə, o, məsələnin məhkəmə müstəvisinə daşınmasını doğru hesab etmir.
Tramp vurğulayıb ki, prezidentlik vəzifəsinə və bu vəzifəni daşımış şəxslərə müəyyən hörmət qorunmalıdır.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, ətrafındakı bəzi şəxslər onu Bayden, Obama və Klintona qarşı hüquqi tədbirlər görməyə çağırıblar. Lakin Tramp bu tövsiyələrə əməl etməyərək məsələni məhkəməyə çıxarmamaq qərarına gəlib.