Ebola Konqonu cənginə alıb: 8 mindən çox yoluxma, 4 mindən çox ölüm

Ebola Konqonu cənginə alıb: 8 mindən çox yoluxma, 4 mindən çox ölüm
09:59

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması səngimək bilmir. Xəstəliyin yeni ərazilərə keçməsi ilə bağlı narahatlıq artır, yoluxma və ölüm halları isə sürətlə yüksəlir.

News365.az xəbər verir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaydığı son məlumatlara əsasən, mayın 15-də elan edilən Ebola epidemiyası artıq ölkənin 7 əyalətində yerləşən 64 bölgəni əhatə edir.

İndiyədək 8 665 təsdiqlənmiş yoluxma qeydə alınıb. Virusun səbəb olduğu xəstəlikdən 4 178 nəfər həyatını itirib, 2 259 nəfər isə sağalıb.

Məlumatda Ebola üzrə ölüm göstəricisinin 48,2 faiz təşkil etdiyi bildirilib. Xəstələrlə təmasda olan şəxslərin 80,4 faizinin nəzarətdə saxlanıldığı qeyd olunub. Son 24 saat ərzində daha 24 nəfərin xəstəlikdən sağaldığı açıqlanıb.

Ebola insanlarda ağır gedişli, bəzi hallarda isə ölümcül nəticələnən virus infeksiyasıdır. Xəstəlik yüksək hərarət, halsızlıq, əzələ ağrıları və digər əlamətlərlə başlayaraq ağırlaşa bilər.

Virus ilk dəfə 1976-cı ildə eyni vaxtda Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku şəhərində baş verən epidemiyalar zamanı müəyyən edilib. Xəstəliyin adı Konqoda yerləşən Ebola çayından götürülüb.

Ebola ilə bağlı ən genişmiqyaslı epidemiyalardan biri 2014–2016-cı illərdə Qərbi Afrikada baş verib. Həmin dövrdə Qvineya, Liberiya və Syerra-Leonedə təxminən 30 min nəfər virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.

Konqo Demokratik Respublikasında hazırkı epidemiya mayın 15-də ölkənin şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm halının aşkarlanmasından sonra elan edilib.

Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında yayılmağa başlayan “Bundibugyo” Ebola virusu ilə bağlı hazırda təsdiqlənmiş müalicə üsulu və vaksin mövcud deyil.


Sizin reklam burada
Sizin reklam burada