Azərbaycanda orta məktəb təhsilinin mövcud vəziyyəti ilə bağlı ciddi problemlər qalmaqdadır.
Bu barədə təhsil eksperti Cahid İmanov News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə təhsil konsepsiyası ya tam formalaşmayıb, ya da mövcud konsepsiyanın icrasına nəzarət zəifdir.
Ekspert qeyd edib ki, təhsil sahəsinə kifayət qədər maliyyə ayrılmasına və müəyyən islahatların aparılmasına baxmayaraq, real nəticələr qənaətbəxş deyil. Onun fikrincə, orta məktəblər öz funksiyalarının yalnız 50-70 faizini yerinə yetirə bilir:
“Şagirdlər lazım olan bilikləri daha çox məktəbdən kənarda – repetitor və digər qeyri-formal yollarla əldə etməyə üstünlük verirlər. Bu tendensiya illərdir formalaşıb və artıq qeyri-formal təhsil faktiki olaraq əsas təhsil formasına çevrilib.”
C. İmanov bildirib ki, Elm və Təhsil Nazirliyinin son iki ildə tətbiq etdiyi “Tam Orta Məktəb” layihəsi bu stereotipi qırmaq baxımından mühüm addımlardan biri hesab oluna bilər.
Ekspert mövcud vəziyyətin əsas səbəblərindən biri kimi Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul sistemini göstərib. O vurğulayıb ki, imtahan tarixləri ilə tədris prosesinin uyğun gəlməməsi ciddi problemlər yaradır:
“11-ci siniflər üçün buraxılış imtahanı mart ayında keçirilir, halbuki dərslər faktiki olaraq üç ay sonra başa çatır. Bu isə sual yaradır: əgər kurs tamamlanmayıbsa, bu hansı buraxılış imtahanıdır?”
Onun sözlərinə görə, hazırda məktəblərdə tədris prosesi kurikulum əsasında deyil, əsasən DİM-in proqramına uyğun qurulur ki, bu da pedaqoji prosesin pozulmasına gətirib çıxarır:
“Şagird və müəllimlər proqramdan çox imtahanlara fokuslanır. Nəticədə məktəbdə xaotik, nizamsız və nəticəsiz təhsil mühiti formalaşır.”
C. İmanov hesab edir ki, mövcud problemlərin həlli üçün ilk növbədə DİM ilə Elm və Təhsil Nazirliyi arasında uyğunsuzluqlar aradan qaldırılmalıdır. O, həmçinin təhsilin məzmunu və təşkili ilə bağlı ciddi dəyişikliklərin vacibliyini vurğulayıb.
Ekspert əlavə edib ki, orta məktəb və tam orta məktəb anlayışları dəqiq şəkildə fərqləndirilməli, onların məqsədləri, proqramları və qiymətləndirmə mexanizmləri ayrılıqda müəyyənləşdirilməlidir. Onun fikrincə, yalnız bu halda kurikulumun keyfiyyətli tətbiqinə nail olmaq mümkün olacaq.