YUNESKO-nun Parisdəki mənzil qərargahında görkəmli qazax bəstəkarı və
dirijoru Nurgisa Tlendiyevın anadan olmasının 100 illiyinə həsr olunmuş
“İlhamın kökləri: Nurgisa Tlendiyevin irsi” adlı Xalq Musiqi Alətləri Üzrə Beynəlxalq
Sərginin təntənəli açılış mərasimi keçirilib.
Tədbir Qazaxıstan
Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, Almatı şəhərinin Akimatı və
Almatı şəhəri Muzeylər Birliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi
Fondunun dəstəyi ilə reallaşdırılıb.
Açılış mərasimində
Qazaxıstan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi və səfiri cənab
Askar Abdrakhmanov, UNESCO-nun Mədəniyyət işləri üzrə Baş direktor müavini cənab
Ernesto Ottone, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı
Raimkulova, Qazaxıstan Dövlət Akademik Folklor-Etnoqrafik “Otyrar Sazy”
orkestrinin baş dirijoru, tədbirin fəxri qonağı, bəstəkarın qızı fxri qonağı
xanım Dinara Tlendiyeva çıxış ediblər.
Xanım Aktotı Raimkulova öz
çıxışında Nurgisa Tlendiyevın yalnız qazax xalq musiqisi deyil, ümumilikdə türk
xalqlarının folklor musiqi ənənələrinin beynəlxalq miqyasda inkişafına verdiyi
misilsiz töhfələrdən danışıb. O, eyni zamanda sərginin yüksək səviyyədə təşkil
olunması və türk dünyasının musiqi
irsinin qorunması və təbliği baxımından əhəmiyyətini qeyd edib.
Sərgidə Yıxlas adına Qazax
Milli Musiqi Alətləri Muzeyinin kolleksiyasından türk xalqlarına məxsus musiqi
alətləri nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə müşayiət olunub. Çıxış edənlər sırasında Nurgisa Tlendiyevin Memorial Muzeyinin əməkdaşı Erkin Kudaybergenov (dombyra), “Turan” folklor-etnoqrafik ansamblının solisti və Türk Mədəniyyəti və İrsi Fondunun tədqiqat üzrə mütəxəssisi Serik Nurmoldayev (sıbızğı, şankobız, sazsırnay) olub.