Niderland hökuməti 2026-cı il büdcəsində NATO-nun müəyyən etdiyi hədəflərə çatmaq üçün müdafiə xərclərinin artırılacağını açıqlayıb.
News365.az xəbər verir ki, bu barədə məlumat Niderland hökumətinin rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, Niderland NATO-nun Haaqa sammitində razılaşdırılmış Ümumi Daxili Məhsulun 2%-lik səviyyəsinə çatmağa çalışır və buna görə də hərbi xərclərini tədricən artıracaq.
“Müdafiəyə ayrılan xərclər 2026-cı ilədək ÜDM-in 2,2%-ni təşkil edəcək. Bu məbləğə Ukraynaya göstərilən hərbi yardım da daxildir”, - hökumətin açıqlamasında qeyd olunur.
Niderlandın müdafiə naziri Ruben Brekelmans "X" sosial şəbəkəsində yazıb ki, gələn il müdafiə büdcəsi 3,4 milyard avro artırılaraq ümumilikdə 26,8 milyard avroya çatdırılacaq:
“Bu, bizim döyüş qabiliyyətimizi artırmağa imkan verəcək: daha çox avadanlıq, daha çox sursat və hərbçilərimizə sərmayə olacaq”.
Avropa Müdafiə Agentliyi isə 2025-ci ildə Avropa İttifaqı ölkələrinin müdafiə xərclərinin rekord səviyyəyə – 381 milyard avroya çatacağını proqnozlaşdırır.