“Netanyahu bütün addımlarını ABŞ-la razılaşdırır”.
Hərbi ekspert Üzeyir Cəfərov İsrailin son dövrlər atdığı addımlarıNews365.az-a şərh edərkən bildirib ki, Baş nazir Benjamin Netanyahu bütün qərarlarını ABŞ Prezidenti ilə razılaşdırır.
Onun sözlərinə görə, ABŞ senatoru Marko Rubionun İsrailə gələrək bəzi məsələləri yerində müzakirə etməsi də bu prosesin bir hissəsidir:
“Bu, bilavasitə Donald Trampın dəstəyi ilə həyata keçirilmiş addımdır. Qətərə hücumdan əvvəl də ABŞ Prezidenti açıqlamışdı ki, hücumdan bir saat öncə ona məlumat verilib. O isə diplomatik kanallarla Qətərə müəyyən mesajlar çatdırıb. Yəni burada Amerikanın da açıq şəkildə rolu və ‘xeyir-duası’ var”.
Ekspert qeyd edib ki, Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə hansı şərait yaradıbsa, eyni mənzərəni bu gün İsraildə də görmək mümkündür:
“İsrail yaxşı bilir ki, Amerikanın razılığı olmadan heç bir qərar verə bilməz”.
Cəfərov Türkiyə ilə bağlı da mümkün gərginliklərə diqqət çəkib:
“Əlbəttə, İsrail Türkiyəyə qarşı da müəyyən addımlar ata bilər. Amma çox gözəl bilirlər ki, bu, onlar üçün ciddi nəticələr doğura bilər. Hazırkı rəhbərliyin, yəni Netanyahunun komandası Türkiyəyə yönəlik yanlış siyasət yürüdür. Türkiyənin İsrail qarşısında irəli sürdüyü tələblər isə tamamilə haqlıdır”.
Ekspertin fikrincə, İsrailin son vaxtlar həyata keçirdiyi siyasət istənilən an Yaxın Şərqdə, Ərəb Dövlətləri Liqasında və İslam Əməkdaşlıq Təşkilatında ciddi narazılıqlara və gərginliklərə səbəb ola bilər.