Neft bazarında kəskin geriləmə: Qara qızılın qiyməti son həddə düşdü

Neft bazarında kəskin geriləmə: Qara qızılın qiyməti son həddə düşdü
10:50

ABŞ və İran arasında uzunmüddətli sülh razılaşmasının əldə olunacağına dair ümidlərin zəifləməsi dünya neft bazarında qiymətlərin yenidən yüksəlməsinə səbəb olub. Son məlumata görə, Brent markalı neftin bir bareli 87,72 dollara, ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 82,13 dollara yüksəlib.

News365.az xəbər verir ki, qiymət artımının əsas səbəblərindən biri ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı fikir ayrılıqlarının dərinləşməsidir. İran bu həftənin əvvəlində razılaşma üçün altı şərt açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə İranın müharibə nəticəsində ABŞ-a dəymiş zərərə görə kompensasiya ödəməli olduğunu bildirib.

Tramp həmçinin İranın Livan, Suriya, Yəmən və Qəzzada insanlara dəymiş zərər və itkilərə görə də məsuliyyət daşımalı olduğunu deyib.

Hörmüz boğazının açılması ilə bağlı vəziyyət də qeyri-müəyyən olaraq qalır. İran Omanla boğazın birgə idarə olunması barədə razılaşmanın yekunlaşdırılmasına yaxınlaşdığını açıqlayıb. Tehran daha əvvəl irəli sürdüyü şərtlərin qüvvədə qaldığını və ABŞ bu tələbləri yerinə yetirməyənədək boğazın tam açılmayacağını bildirib.

Analitiklər ABŞ və İranın mümkün razılaşmanın necə görünməsi ilə bağlı mövqeləri arasında ciddi fərqlərin olduğunu bildirirlər. Ekspertlərin fikrincə, razılaşmanın hələ uzaqda olması neft qiymətlərinə yüksəliş istiqamətində təzyiqi artırır.

Bununla yanaşı, Hörmüz boğazında nəqliyyatın tam dayanmadığı bildirilir. Bəzi tankerlərin keçid zamanı transponderlərini söndürdüyü qeyd olunur. İraqın isə gündəlik orta neft ixracının təxminən 2 milyon barel olduğu açıqlanıb.

Hörmüz boğazı qlobal enerji bazarı üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən boğazın fəaliyyətində hər hansı ciddi məhdudiyyət və ya uzunmüddətli bağlanma ehtimalı neft qiymətlərinin daha da bahalaşmasına səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, ABŞ-İran danışıqları və Hörmüz boğazının açılması ilə bağlı proses yaxın günlərdə neft bazarının əsas istiqamətverici amilləri olaraq qalacaq.


Sizin reklam burada
Sizin reklam burada