Rezidentura təhsili üzrə dövlət sifarişli oxuyan tələbələr 3 il müddətinə Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində fəaliyyət göstərməlidirlər.
News365.az xəbər verir ki, bunu Milli Məclisin iclasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, 2011-ci ildən etibarən Azərbaycanda ali tibb təhsilinin rezidentura səviyyəsi tətbiq olunur. Hazırda 56 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir.
Nazir qeyd edib ki, rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində fəaliyyət göstərməlidirlər.
Teymur Musayev həkimlərin sertifikasiyasından da danışıb. O bildirib ki, sertifikasiya suallarının bazası hər il təxminən 20% yenilənir.
Hazırda bazada 65 minə yaxın test və 6 min 450 klinik məsələ mövcuddur.
"Yeni yanaşmaya əsasən, imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq" - deyə nazir qeyd edib.
O bildirib ki, qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur:
“Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır".