370 min bunkeri olan ölkə: Sığınacaqlar nüvə hücumundan qoruyurmu?

370 min bunkeri olan ölkə: Sığınacaqlar nüvə hücumundan qoruyurmu?
30 May 2025 12:40

İsveçrə adambaşına düşən nüvə bunkerlərinə görə dünya lideridir. Ölkədə 370.000-dən çox belə sığınacaq var. Bu, demək olar ki, 9 milyonluq bütün əhalini sığınacaqda yerləşdirmək üçün kifayət edir. Bəs bu bunkerlər həqiqətən də nüvə fəlakəti və ya digər fövqəladə hallarda isveçrəliləri qorumağa qadirdirmi?

"The Guardian" xəbər verir ki, 2022-ci ildə Rusiyanın Ukraynada genişmiqyaslı işğalı başlayandan bəri İsveçrə bunkerlərinə maraq kəskin şəkildə artıb. Luzerndəki Sonnenberq nüvə bunkerinin baş əməliyyat direktoru və tur bələdçisi Zora Şelbert xatırlayır ki, onun elektron poçtu və telefon 2022-ci ilin fevral ayında sorğularla bir növ "partlayıb".

"İnsanlar məndən hansı tədbirlər görməli olduqlarını, hara getməli olduqlarını soruşurdular" ,- Şelbert deyib. O, etiraf edir ki, əvvəlcə bunun zarafat olub-olmadığına əmin deyilmiş. Çünki onun təşkilatı Unterirdisch Überleben (Yeraltı Sağ qalma) mülki müdafiə agentliyi deyil, tarixi cəmiyyətdir. Bununla belə, o, müraciətləri ciddi qəbul edərək, insanları müvafiq xidmətlərə yönləndirib.

"Ancaq sonra daha çox elektron məktublar gəlməyə başladı. Hətta telefon zəngləri də..." - o xatırlayıb.

İsveçrə mülki müdafiəsi dünyanın ən güclülərindən biri hesab olunur. Hər bir vətəndaşın bunkerdə yerinin olmasını tələb edən qanun 1963-cü ildən qüvvədədir. Bütün yeni yaşayış binalarının öz bunkerləri olmalıdır və ya yaxınlıqda ictimai sığınacağın tikintisini maliyyələşdirməlidir. Belə sığınacaqlarda ventilyasiya sistemləri təxminən 40 il işləmək üçün nəzərdə tutulub və onların saxlanması xərcləri illik sığorta haqları ilə müqayisə edilə bilər.

İsveçrənin mülki müdafiə və təlim üzrə federal direktoru Daniel Jordi deyib: "2022-ci ilə qədər əhalinin böyük hissəsi və hətta bəzi siyasətçilər sığınacaqları lazımsız hesab edirdilər. Amma Rusiyanın Ukraynaya müdaxiləsi ictimai münasibətləri kökündən dəyişdi".

Güclü infrastruktura baxmayaraq, mütəxəssislər onun effektivliyinə həmişə əmin deyillər. Məsələn, 1987-ci ildə sınaqlar zamanı Luzerndəki Sonnenberq komanda mərkəzi sığınacaq sistemini tam işə sala bilməmişdi. 1,5 metr qalınlığında dörd beton qapıdan birini bağlamaq mümkün olmayıb. Bu, bunkerin tutumunun 20 000 nəfərdən 2 000 nəfərə endirilməsinə səbəb oldu.

Tural


Sizin reklam burada
Sizin reklam burada