Mütəmadi olaraq təkmilləşdirilən dövlət gənclər siyasəti gənclərin ictimai-siyasi həyatdakı rolunun artmasına mühüm təsir göstərmişdir
Müstəqil Azərbaycanın inkişaf strategiyasında
gənclər hər zaman əsas prioritetlərdən biri olmuşdur. Məhz dövlətin gənclərə
göstərdiyi ardıcıl dəstək və xüsusi diqqətin nəticəsi olaraq bu gün Azərbaycan
gəncliyində özünə, öz gücünə və istedadına inam hissi əhəmiyyətli dərəcədə
artmışdır. Gənclər artıq cəmiyyətin passiv üzvü deyil, ölkənin sosial, iqtisadi
və ictimai-siyasi həyatında fəal rol oynayan əsas aparıcı qüvvəyə çevrilmişdir.
Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər
Əliyevin xüsusi diqqət və nəzarətində olmuşdur. Azərbaycanı gənclər ölkəsi,
gəncləri isə dövlətin və millətin gələcəyi adlandıran Ümummilli Lider gənc
nəslə qayğını heç zaman əsirgəməmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsi
olaraq gənclər cəmiyyətin fəal, təşəbbüskar və aparıcı qüvvəsinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və inkişaf mərhələsi başlanmış, gənc
nəslə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən
edilmişdir. Həmin dövrdən etibarən gənclərin milli ruhda tərbiyə olunması, onların
intellektual potensialının artırılması, sosial problemlərinin həlli və
ictimai-siyasi proseslərdə fəal iştirakı üçün sistemli tədbirlər həyata
keçirilməyə başlanmışdır.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda
müstəqil gənclər siyasətinin hüquqi və təşkilati əsasları formalaşdırılmışdır.
Gənclər təşkilatlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması,
gənclərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların dövlət quruculuğu
prosesinə cəlb olunması bu siyasətin əsas istiqamətlərini təşkil etmişdir.
1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu gənclərin cəmiyyət
həyatında rolunun artırılması baxımından mühüm tarixi hadisə olmuşdur. Bu
ardıcıl siyasətin məntiqi davamı olaraq Ulu Öndər Heydər Əliyevin 1 fevral
1997-ci il tarixində imzaladığı Sərəncamla 2 fevral tarixi Azərbaycan Gəncləri
Günü elan edilmişdir. Bununla da Azərbaycan MDB məkanında və Şərqi Avropa
ölkələri arasında ilk dəfə olaraq Gənclər Gününü təsis edən ölkə kimi tarixə
düşmüşdür. Bu qərar gənclərə verilən yüksək dəyərin və onlara olan inamın bariz
ifadəsi idi.
Azərbaycan Respublikasında gənclər siyasətinin
sistemli, ardıcıl və məqsədyönlü şəkildə formalaşdırılması Ulu Öndər Heydər
Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli Lider gəncləri ölkənin strateji
inkişaf resursu, dövlətin gələcəyinin əsas təminatçısı kimi dəyərləndirərək
onların hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlamışdır. Bu uzaqgörən
siyasətin mühüm mərhələlərindən biri də Ulu Öndər Heydər Əliyevin 29 iyul
1999-cu il tarixində imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərman
olmuşdur. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata
keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq olundu. Bu plan gənclərin təhsil,
məşğulluq, sağlamlıq, mənəvi-əxlaqi tərbiyə, yaradıcılıq və ictimai fəallıq
sahələrində qarşılaşdıqları problemlərin həllinə yönəlmiş konkret və sistemli
tədbirləri özündə əks etdirirdi. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində
mühüm yeniliklərindən biri də bu sahəyə elmi yanaşmanın tətbiq edilməsi oldu.
Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji
xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas
məqsədi gənclərin mövcud potensialının tam şəkildə reallaşdırılması, onların
müasir bilik və bacarıqlara yiyələnmiş, vətənpərvər və savadlı kadrlar kimi
yetişdirilməsidir. Bu məqsədlə son illər ərzində təhsil sahəsində aparılan
islahatlar, beynəlxalq təhsil proqramları, xaricdə təhsil imkanları, innovasiya
və startap təşəbbüslərinin dəstəklənməsi gənclərin bilik və bacarıqlarının
artırılmasına xidmət edir. Dövlət tərəfindən yaradılan bu imkanlar gənclərdə
özünəinamı gücləndirir, onların şəxsi inkişafla yanaşı, ölkənin inkişafına
töhfə vermək arzusunu daha da artırır. Gənclər artıq öz gələcəklərini yalnız
fərdi uğurla deyil, Azərbaycanın tərəqqisi ilə birgə görürlər.
Prezident
İlham Əliyevin gənclər siyasətində mühüm istiqamətlərdən biri də gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Dövlət proqramları, ictimai təşəbbüslər
və milli-mənəvi dəyərlərin təbliği gənclərdə Vətənə bağlılıq hissini
gücləndirir. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin
göstərdiyi qəhrəmanlıq, fədakarlıq və birlik bu siyasətin real nəticələrini
açıq şəkildə nümayiş etdirdi. Bu proses gənclərin təkcə fiziki deyil, mənəvi
cəhətdən də möhkəmlənməsinə, milli məsuliyyət hissinin formalaşmasına zəmin
yaratdı. Dövlətin gənclərə yönəlmiş siyasətinin mühüm istiqamətlərindən biri də
gənc ailələrin sosial təminatının gücləndirilməsidir. Mənzil təminatı
proqramları, güzəştli ipoteka kreditləri, sosial layihələr və məşğulluq
imkanlarının artırılması gənc ailələrin rifahının yüksəldilməsinə xidmət edir.
Bu tədbirlər gənclərin gələcəyə daha böyük inamla baxmasına, cəmiyyətin sağlam
sosial təbəqəsinin formalaşmasına şərait yaradır.
Mütəmadi olaraq təkmilləşdirilən dövlət
gənclər siyasəti gənclərin ictimai-siyasi həyatdakı rolunun artmasına mühüm
təsir göstərmişdir. Gənclər bu gün dövlət qurumlarında, bələdiyyələrdə, ictimai
təşkilatlarda, könüllülük hərəkatlarında və beynəlxalq platformalarda fəal
şəkildə təmsil olunurlar. Onların təşəbbüskarlığı, yaradıcı yanaşması və
innovativ düşüncəsi ölkənin dinamik inkişafına yeni impuls verir. Bu proses
nəticəsində Azərbaycanda kreativ düşüncəyə malik, müasir çağırışlara cavab
verən, qlobal trendləri izləyən və eyni zamanda milli kimliyinə sadiq gənclik
formalaşmışdır.
Dövlət gənclər siyasəti müasir çağırışlara
uyğun olaraq daha da təkmilləşdirilir, gənclərin təhsil alması, məşğulluğu,
sosial müdafiəsi, innovasiya və sahibkarlıq sahəsində fəallığı daim diqqət
mərkəzində saxlanılır. Gənclər Fondunun fəaliyyəti, könüllülük hərəkatının
genişlənməsi, beynəlxalq proqramlarda iştirak imkanlarının artırılması gənclərə
göstərilən dövlət qayğısının real təzahürləridir. Bu gün Azərbaycan gəncliyi
savadlı, təşəbbüskar, milli-mənəvi dəyərlərə sadiq və müasir dünyagörüşünə
malik bir nəsil kimi formalaşmışdır. Onlar elmdə, mədəniyyətdə, idmanda,
informasiya texnologiyalarında və dövlət idarəçiliyində əldə etdikləri uğurlarla
ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Xüsusilə Vətən müharibəsi
dövründə gənclərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların Vətənə
bağlılığının və milli məsuliyyət hissinin parlaq nümunəsidir.
Bu gün Azərbaycan gəncliyi dövlətin dəstəyini
hiss edən, öz gücünə və istedadına inanan, məsuliyyətli və fəal bir nəsildir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən gənclər siyasəti gənclərin
potensialının reallaşmasına, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə
geniş imkanlar yaratmışdır. Güclü, kreativ və vətənpərvər gənclik isə
Azərbaycanın dayanıqlı inkişafının və parlaq gələcəyinin əsas təminatçısıdır.
Aybəniz Rüstəmova
Avrasiya
universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent