Xəbər verdiyimiz
kimi Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Rusiyaya səfərə
gedib. Məlumata görə, səfərin səbəbi Avrasiya Hökumətlərarası Şurasının
iclasında iştirakdır. Erməni baş nazir sosial şəbəkə hesabında təyyarədən çəkilmiş
videosuna yazdığı “Moskvaya uçduq” sözləri
birmənalı qarşılanmayıb.
Çünki, 2024-cü ildə Aİİ-yə sədrliyi Ermənistan edir.
Amma bununla belə tədbirin İrəvanda yox, Moskvada keçirilməsi xeyli suallar
doğurub.
Digər sual
doğuran səbəbsə səfər dövründə Rusiya Prezidenti Vladimir Putunun Nikol
Paşinyanı qəbul etməməsidir. Doğrudur, Rusiya liderinin mətbuat katibi Dmitri
Peskov Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etməməsi
ilə bağlı cavablandırarkən ikibaşlı cavab verib:
“Prezident cənab
Paşinyanı onu digər həmkarları ilə birlikdə Sankt-Peterburqda ənənəvi görüş
üçün gözləyir. Bu, təbii ki, qeyri-rəsmi görüş olacaq. Lakin, həmin tədbirdə MDB
və Avrasiya İttifaqı rəhbərləri bir araya gələcək. Ona görə də bu gün Vladimir
Putinlə Nikol Paşinyan arasında ayrıca görüş planlaşdırılmır”.
Məlum olduğu
kimi son vaxtlar Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə bir gərginlik
var. Paşinyanın Moskva səfərində Putinin diqqətindən kənarda qalmasının da səbəbi
bu gərginlikdir.
Qeyd edək
ki, bu il Ermənistanın baş naziri Nikol Paşinyanın xahişi ilə Aİİ ölkələrinin -
Ali Avrasiya Şurasının rəhbərlərinin görüşü İrəvandan Sankt-Peterburqa
köçürülüb. Bu görüş dekabrın 25-də baş tutacaq.
Nəzərə alaq
ki, Nikol Paşinyan Aİİ liderlərinin Ermənistan ərazisində görüşünü keçirməkdən
imtina etməsini kifayət qədər qalmaqallı şəkildə izah edib. Onun sözlərinə görə,
Avrasiya İqtisadi Birliyinin bəzi rəhbərlərini Ermənistanda görmək istəmir. Ona
görə də belə bir qərar verib.
Doğrudur erməni
baş nazir rəsmi İrəvan üçün arzuolunmaz qonağın konkret kim olduğunu
açıqlamayıb. Amma məlumdur ki, Paşinyan daha əvvəllər bəyan etmişdi ki,
Aleksandr Lukaşenko orada hakimiyyətdə olduğu müddətdə nə özü, nə də hökumət rəsmilərindən
heç biri Belarusa getməyəcək.
Onu da qeyd
edək ki, İrəvanla Minsk arasında münasibətlərin kəskinləşməsi Paşinyanın
Belarus liderini İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verməkdə
ittiham etməsindən sonra başlayıb.
News365.az