Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi keçirilib
News365.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Arzu Əliyevin sonuncu vəzifəsi "Azəraqrar Dövlət İstehsalat və Emalı Birliyi" MMC-nin Abşeron regional İdarəsinin rəisi olub.
Təqsirləndirilən şəxs Arzu Əliyev özünün müqavilə ilə tutduğu vəkili məhkəmədə iştirak etmədiyindən prosesin təxirə salınmasını istəyib.
Məhkəmə prosesi 23 dekabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.
İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Təvəkkül oğlu Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq bir çox şəxs tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan təd
biri seçilib.