"Özbəkistan” -deyəndə ağlımıza ilk gələn Əmir Teymur olur. Vəfatından 619 il keçməsinə baxmayaraq hələ də dünyanı öz sirrləri ilə mat qoyan Böyük Fateh.
Əgər uzun əsrlər boyu Özbəkistan, Mərkəzi Asiya deyəndə böyük Fatehi xatırlayırdıqsa, 2022-ci ildən sonra bizim bir çoxumuz 11-12 noyabr günlərində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsini xatırlayırıq. Bu görüşdə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını vurğuladılar, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqlədilər.
Bu ilin 3-6 dekabr günlərində Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak etmək üçün İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri kimi mən də dəvət almışdım.
Ali təhsilini Özbəkistanda aldığımdan, bu yurdu hər zaman özümə ikinci Ana Vətən hesab etmişəm. Ali təhsil almaq üçün Özbəkistana atamla birlikdə gəlişimin ilk günündə Səmərqənddə təyyarədən enib, Böyük Fateh Əmir Teymurun məqbərəsini ziyarət etmişik. Həmin gündən etibarən türk tariximizin sirrləri məni sehirləyib, atam mənə Səmərqənddə rusun yazdığı kitabdakı Əmir Teymuru deyil, Səmərqəndin Registan Meydanında Qur Əmir Məqbərəsində uyuyan Əmir Teymuru tanımağı tapşırıb.
Elə bu dəfə nümayəndə heyəti ilə birlikdə Özbəkistanın Qeyri-Hökumət- Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının Daşkənd şəhəri regional bölməsinin rəhbəri Dilmurod İzzatovun müşaiyəti ilə nümayəndə heyəti Özbəkistanın Birinci Prezidenti İslam Kərimovun məqbərəsi, Həzrəti Xızır məscidi, Şaxi Zinda Kompleksi, Registan Meydanı, “Qur Əmir” məqbərəsi, Uluqbəy Rəsədxanası, Bibixanım Məscid Komleksi və digər tarixi yerlər ilə tanış oldular.
Müqqəddəs ziyarətgahlarda düşündüklərim
Özbəkistanın Birinci Prezidenti İslam Kərimovun məzarı Həzrəti Xızır Məscidinin yerləşdiyi məkandadır. Səmərqənddə dünyaya gələn dövlət xadimini xalq elə öz şəhərində dəfn edilməsini istəmişdi. Təkcə Səmərqənd şəhərində YUNESKO maddi İrs Siyahısına salınmış 130-dan çox abidə vardır. Həzrəti Xızır məscidi də tarixə VII əsrdən şahidlik edir. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən bu məkanı insanlar hər zaman müqəddəs hesab ediblər. Əgər Özbəkistanlılar buraya əvvəllər Həzrəti Xızır övliyanı ziyarət etməyə gəlirdilərsə, indi həm də burada əbədi uyuyan, böyük dövlət və fəlsəfi fikir adamı İslam Kərimovu ziyarət etmək üçün gəlirlər. Bələdçi deyir ki, İslam Kərimovun xatirəsini yad etmək üçün Özbəkistanın və dünyanın hər yerindən buraya ziyarətçilər hər gün axın edirlər. Özlüyümdə düşünürəm ki, bu gözəl bir ənənədir. Sovet caynağından və zəncirlərindən qopduqdan sonra, yaralı bir dövləti idarə edərək parçalanmağa qoymayan, yaralı Vətənin yaralarını sarmağa çalışan və Özbəkistanı türk taxt-tacında, qlobal dünyada ən parıltılı ulduza çevirməyi bacaran, bərbad olan diyarı abad gülüstana çevirib “Abadlıq könüldən başlayır” deyən İslam Kərimov xatırlanmağa layiq liderdir. Və belə bir ənənəni yaşadan, ölkənin çiçəklənməsində, müstəqilliyinin qorunmasında danılmaz xidmətləri olan lideri, ölkə prezidentini yad etmək isə özbəklərin türk törəsindən gələn böyüklərə hörmət kimi qədim adət-ənənələrə sadiqliyinin göstəricisidir. Böyük Yolundan dönməyənlər, hər zaman xeyirə uğrayar. İslam Kərimovun türk dünyasındakı və Azərbaycan xalqınin yaddaşındakı hörməti bir də ona görə əbədidir ki, hələ 2004-cü ildə siyasi arenada heç bir lider, dövlət başçısı Azərbaycanın Qarabağ həqiqətini dilinə gətirməyə cəsarət etmədiyi halda, Özbəkistan Respublikasının mərhum birinci Prezidenti İslam Kərimov 2004-cü ilin mart ayında Azərbaycanın yeni seçilmiş Prezidenti İlham Əliyevi rəsmi qarşılanma mərasimindən sonra, Daşkənddəki aviazavodda biz jurnalistlərin “Qarabağ probleminin çözümünü necə görürüsünüz?”- sualımızı cavablandırarkən belə demişdi: “Qarabağ Azərbaycanın tarixi torpağıdır. Lakin münaqişənin həlli yolunun açarı birinci və ikinci dərəcəli böyük dövlətlərin əlindədir”. Bundan başqa isə, İslam Kərimov Azərbaycana qarşı diplomatik sayğı göstərdiyindən, Qarabağ torpaqları işğalda olduğu müddətdə öz dövlətində bizə düşmən olan ölkə ilə rəsmi danışıqlara getmədi, diplomatik arenada onların ölkəyə girişinə razı olmadı. Bu ənənəyə İslam Kərimov yolunun layiqli davamçısı prezident Şövkət Mirzyayev də sadiqlik göstərir.
Xızır peyğəmbər, Əmir Teymur, İslıam Kərimov...
2007-ci uildə Səmərqəndin 2750 illik yubileyini qeyd etsə də, son tarixi hesablamalar və arxeoloji qazıntılar onu deməyə əsas verir ki, Səmərqəndin yaşı 2800 ildən daha qədimdir. Bu qədim şəhər üç dəfə yadellilərin işğalına məruz qalıb. Hələ bizim eradan əvvəl 329-cu ildə şəhəri Makedoniyalı İsgəndər fəth etmişdi. Yunan tarixçiləri qeyd edirdilər ki, Səmərqənd hələ o zamanlar da çox inkişaf etmiş bir şəhər idi. O dövrdə bu şəhər Makaranda adlanırdı.
Eramızdan əvvəl VIII əsrdə Soqdiana dövlətinin paytaxtı olan Makaranda adı ilə tanınan paytaxt şəhəri , sonralar Əfrasiab adlanırdı. Bu yurdu bu qədər cəlbedici edən isə onun İpək Yolu üzərində yerləşməsi idi. Dünyanın ticarət və mədəniyyət yollarının kəsişdiyi Əfrasiab şəhərinə əvvəlcə cəlcuqların hücumu oldu. Şəhər yerlə yeksan edildi. Bu müqəddəs yerlər dərdi öz qəlbində gizlətməyi bacarırdı. Daha sonra İslamı yayanlar şəhəri yerlə-yeksan etdilər... Həzrət Xızır məscidi də Mərkəzi Asiyada həmin dövrdə zərdüştlərin, yəni oda inananların ilk məscid hesab olunurdu. XIII əsrdə bu Tanrının gözəl yaratdığı bu yurda monqol yürüşləri başladı. Şəhərdən heç bir əsər-əlamət qalmadı. Monqol yürüşləri səngiyəndən bir neçə əsr sonra taxta çıxan Teymur ibn Taragay Barlas oğlu bu şəhəri gülüstana döndərdi. Şəhərin və ölkənin renesans dövrü başladı.
Həzrəti Xızır məscidini də Əmir Teymur bərpa etdirmişdi. Əfrasiab xərabətlərində ucaldılan və bu günə kimi insanların ziyarət etdiyi bu od-istilik ocağının adının nədən “Həzrəti Xızır və ya Xıdır” adlandırıldığını kimsə bilmir, və o da məlumdur ki, burada kimsə dəfn edilməyib. Sadəcə səcdəgah kimi insanlar yəqin ki, zaman-zaman oda sitayiş etməyə gəliblər. Türk-müsəlman əfsanələrinə görə Xızır peyğəmbər həm də dirilik suyunun yerini biləndir. Belə rəvayətlər də var ki, Xızır peyğəmbər ürəyində Tanrı, haqq sevgisi olan insanları dara düşəndə xilas etmək üçün insan cildinə girərək köməyə yetişir. Belə də deyirlər ki, o Makedoniyalı İsgəndərin bütün yürüşlərində yol yoldaşı olub. Dirilik suyunu tapıb İsgəndərə gətirdiyində, su dolu dolça yolda sınır... Dirilik suyunun içmək İsgəndərə nəsib olmur. Belə rəvayət də edirlər ki, məhz Xızır peyğəmbərin məscidi Səmərqənddə olduğundan, bu şəhər belə bərəkətli, ruzili və qonaqlıdır.
Mərhum Birinci Prezident İslam Kərimovun və Xızır peyğəmbərin məqbərələri ilə üzbəüz yerləşən 1000 metr məsafədə isə Bibi xanım məscid kompleksi vardır. Mavi kəhrəba və kaşılarla incə-incə, böyük ustalıq və sənətkarlılqla bəzədilmiş bu məscidin ərazisi elə Bibixanım Ananın adına layiq böyük bir ərazidir. Buraya həm də “Ölülər şəhri” deyirlər. Çünki burada 40-dan artıq qəbir olan xanəgahlar vardır. Xanəgahlarda həm də Əmir Teymurun nəvələri, qohumları, sərkərdələrinin ailələri dəfn olunub. Bildiyimiz kimi, İslamın bayrağını Mərkəzi Asiyada yüksəklərə qaldıran Əmir Teymur olmuşdu. Onun İslamında türkçülük ənənələri qorunub saxlanırdı. “Bibi Xanım məscidini” də həmin dövrdə Əmir Teymur sarayının baş xanımı Saray mülk -Bibixanım bəyimə hədiyyə kimi inşa etdirmişdi. Bibixanım həm də ölkəsinin insanlarının təhsili üçün xeyriyyəçilik edirdi. O zaman Səmərqənddə bir neçə məktəb-mədrəsə də tikdirməyə nail olmuşdu. Məhz həmin dövrdə, şeybanilər, nəqşibəndilər kimi elmi mərkəzlərində təhsil alanlar dünyanın hər yerinə gedərək sufiliyi təbliğ edirdilər.
Səmərqəndin, Əmir Teymurun yaratdığlı tarix o qədər zəngindir ki, onun haqqında yazdıqca qələm yorulmaz. Lakin indi mənim əsas məqsədim səfərimizin məqsədi və uğuru haqqında danışmaqdır.
Dostluq körpülərini möhkəmləndiririk...
Müqəddəs məkanları ziyarət etdikdən sonra Səmərqənddə fəaliyyət göstərən “Dostluq evi”nə getdik. Burada rəngarəng milli geyim geyinmiş özbək və azərbaycanlı balaları bizi əllərində çörək, şərbət və bayraqlarımızla qarşıladılar. Gənclərin hər birinin üzündə Azərbaycandan gələn qonaqları qarşıladıqlarına görə sevinc və məmnunluq var idi. Səmərqənddə fəaliyyət göstərən QHT-lərlə görüş keçirildi, təcrübə mübadilələri aparıldı. Onların bizdən, bizim də onlardan öyrənəcəyimiz bir çox detalların olduğuna əmin olduq. QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi razılığına gəldik. Qeyd olundu ki, bu minvalla da tarixən dədə-babalardan qalan dostluq körpülərini möhkəmləndirməliyik.
Səmərəqənddəki ikigünlük xoş səfər və şəhər təəsüratından sonra, Daşkəndə yola düşdük.
Xoş mərama atılan imzalar
2024-cü il dekabrın 5-də Özbəkistanın "Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının və dövlət orqanlarının insan hüquqları və maraqlarının təmin olunmasında qarşılıqlı əlaqəsi" adlı Milli Forum keçirildi. Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayaraq, bildirdi ki, hazırkı forum bu prosesin davamıdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev öz çıxışında Azərbaycan və Özbəkistanın qardaş ölkə, müttəfiq olduqlarını, siyasi münasibətlərin də ən yüksək səviyyədə davam etdiyini bildirdi.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlığın gücləndiyini, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacağını söylədi.
Elə həmin Forumda Azərbaycan və Özbəkistanın 5 QHT-ləri arasında Memorandum imzalandı. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Özbəkistan “Yüksəliş” Hərəkatının sədri Babur Bekmuradov, Azərbaycan Respublikası “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova ilə Özbəkistanın "Əlillər Cəmiyyəti"nin sədri Kamil Abdullayev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimovla Özbəkistanın “İstiqlal" Elmi-Tədqiqat Mərkəzinin sədri Usmonjon Butaev, Özbəkistanın "Qadınlar və Qızlar" İctimai Birliyinin sədri Nasiba Miradilova ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzinin sədri Kobuljon Sobirovla “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalandı.
Forum öz işini həm də panel sessiyalarla davam etdirdi. Panel sessiyada "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov , Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, "İcmaların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov QHT sektorunda həyata keçirdikləri layihələrdən, əldə olunan nəticələrdən danışdılar.
Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi" çərçivəsində keçirilən Forumda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanı ilə təltif olundu.
*****
Daşkənd şəhərində azərbaycanlıların sıx yaşadığı rayonda Ümummilli Lider Heydər Əliyev Meydanı insanların tez-tez ziyarət etdikləri məkandır. Azərbaycanın Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin əməkdaşları, Azərbaycan və Özbəkistan QHT nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin böyük oğlunun burada ucaldılan heykəlinin önünə gül dəstələri qoyaraq, xatirəsini hörmətlə yad etdilər. Elə həmin gün ziyarət etdiyimiz digər bir ocaq da Azərbaycan səfirliyi oldu. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev foruma gələn nümayəndə heyətinin məram və məqsədinin iki ölkə prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələrlə eynilik təşkil etdiyini, bu tərəfdaş münasibətlərdən həm də xalqın yararlanacağını söylədi.
******
Azərbaycanda baş verən siyasi və ya mədəni hadisələri qısa bir zaman kəsiyində hər zaman Özbəkistanda da əks- səda doğurub. Azərbaycanda türk əlifbası yaranandan, ilk qəzet çıxandan, teatr mədəniyyəti dalğası yayılandan sonra, Özbəkistanda da bu proseslər başlayıb. İlk teatrı da Özbəkistanda Sidqi Ruhulla, Hüseynqulu Sarabski açıbdır. Özbəkistanın Nəvayi adına Dövlət Opera və Balet Teatrında quruluşçu baş rejissor da azərbaycanlımız Firudin Səttarov idi. O Azərbaycanın və Özbəkistanın xalq artisti idi. Bu ilin yayında 89 yaşında vəfat etdi. Özbəklər onu elə Daşkənddə dəfn etdilər. Azərbaycanın ən məşhur tetar tamaşaları hər zaman özbək teatrlarının afişalarını bəzəyib. Bizim gəlişimizlə əlaqədar Daşkənd şəhərində Mukimi adına Özbəkistan Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettası əsasında "Qayçı qudalar" tamaşası təqdim olundu. Çox uğurlu tamaşa Azərbaycandan olan nümayəndə heyətinin də böyük marağına səbəb olub. Özbək sənətkarlarının belə böyük peşəkarlıqla şövqlə oynadıqları əsər inanıram ki, Azərbaycan səhnəsində də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Əhəd Fərmanov dedi ki, 12 ildir ki, bu tamaşa özbək tamaşaçılarının maraq dairəsindədir.
Bəli, bizim ortaq mədəniyyətimiz, ortaq tariximiz mövcuddur, olub və olacaq da.
*****
Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə qeyd etmişdi: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Səmərqənddəki IX Zirvə görüşündə Şavkat Mirziyoyevin çıxışında qeyd etdi ki:
Türk yurdu min illərdir Şərqlə Qərbi birləşdirib, dünya sivilizasiyalarını yaxınlaşdırıb, mədəniyyətləri zənginləşdirib. Biz türk dünyasının qədim tarixinə parlaq səhifələr yazmış ortaq ulu əcdadlarımızla haqlı olaraq fəxr edirik. Onların əvəzsiz irsini qorumaq, dərindən öyrənmək və gələcək nəsillərə ötürmək hamımız üçün ən mühüm vəzifədir. Bugünkü zirvə toplantısının digər mühüm cəhəti də ondan ibarətdir ki, çoxminillik tarixə malik türk ailəmiz yenilənmiş təşkilat çərçivəsində bu tərkibdə toplaşıb.
Şübhəsiz ki, biz birlikdə “Türk sivilizasiyasının yeni dövrü: ortaq tərəqqi və rifaha doğru” devizi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Türk dünyasının heyran olunmağa layiq böyük tarixi, böyük əcdadları, misilsiz sərvəti var. Və mən əminəm ki, türk dünyasını böyük gələcək gözləyir. Biz bu gələcəyi mütləq zəhmətkeş, səxavətli, nəcib xalqlarımızla birlikdə quracağıq. Qədim Səmərqənd şəhərindəki Zirvə görüşümüz müasir tarixdə türk dünyası sivilizasiyasının inkişafında yeni mərhələnin başlanğıcını qoyacaq.
Özbəkistanda keçirilən hər iki ölkəninin Milli Forumunda “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzi ilə imzalanan Memorandum hər iki dövlət başçısının Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərində səslənən fikirlərini proqram kimi həyata keçirmək niyyətindədir. Türk Dövlətləri Təşkilatının İstanbuldakı Zirvə görüşündə qəbul etdiyi “Türk dünyasına Baxış -2040” sənədi də bizim birgə fəaliyyətimizin istinad nöqtəsi olmalıdır.
Qədim Türk Dövlətləri ənənələrinə sadiq qalaraq, İctimai Birliyimizin də adını İpək Yolu adlandırdıq ki, dünyaya həm Azərbaycandan, həm Özbəkistandan keçən İpək kimi yollarla çıxaq. Dünya bizim tariximizin yeni səhifələrinə bələd olanda həm də ədalətimizə inanancaq, gücümüzə bələd olacaq. Əmir Teymur deyirdi ki, “Güc ədalətdədir!”.
Aida Eyvazlı,
“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri