Sabirabad rayonunda fəaliyyət göstərən “Sabirabad Quşçuluq” MMC ətrafında ailədaxili mülkiyyət qalmaqalı yaşanır. Müəssisənin sahibi kimi tanınan Dilavər Babaşov doğma qardaşı oğlanlarını onu aldatmaqda və fabrikin 50 faizinə sahib çıxmaqda ittiham edir. Onun sözlərinə görə, mərhum qardaşının oğulları müəssisəyə sahiblənmək üçün əvvəlcə alqı-satqı müqaviləsi yolu ilə onu aldatmağa çalışıblar.
News365.az xəbər verir ki, Dilavər Babaşov bildirir ki, müəssisə tam olaraq ona məxsusdur və qarşı tərəfin irəli sürdüyü iddiaların hüquqi əsası yoxdur. O əlavə edir ki, səhhətində yaranan problemlər səbəbindən müəssisənin 50 faizini satmaq qərarına gəlib və ilk olaraq qardaşı oğlanları ilə razılığa gəlib. Lakin müəssisənin dəyəri 8 milyon manat kimi qiymətləndirilsə də, faktiki olaraq 10 min manata satıldığını iddia edir.
Mübahisənin digər tərəfi isə - mərhum Adışirin Babaşovun övladları olan Şöhrət və Nemət Babaşov iddia edir ki, “Sabirabad Quşçuluq” MMC əslində onlara məxsus olan və atalarının qurduğu “Hacıqabul Quşçuluq” müəssisəsinin törəmə şirkətidir. Onların nümayəndəsi bildirib ki, müəssisə fəaliyyətə başladığı gündən Hacıqabul MMC-yə bağlı olub.
Maraqlı məqam odur ki, qarşı tərəf əgər müəssisənin tam onlara məxsus olduğunu iddia edirsə, nəyə görə yalnız 50 faizinə sahib çıxmağa çalışıblar?
Artıq tərəflər arasında baş verən mülk davasına iki məhkəmə instansiyasında baxılıb. Lakin şikayətçi tərəf məhkəmə qərarından narazı qalıb və işə Ali Məhkəmədə baxılması üçün müraciət edib. Ali Məhkəmənin qərarı ilə uzun müddətdir davam edən bu ailədaxili mübahisəyə son qoyulacağı gözlənilir.
Ətraflı sujetdə: