Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Hər məsciddə kitabxana" layihəsi başladıb.
News365.az xəbər verir ki, dinşünas alim Elşad Miri bunun çox gözəl ideya olduğunu, lakin yeni olmadığını bildirib.
Onun sözlərinə görə, Komitə bunun yeni layihə kimi təqdim edilərək iş gördükləri təəssüratı yaratmağa çalışırlar:
"Ölkədəki məscidlərdə bu cür kitab rəfləri olub. İllərdir getdiyim məscidlərdə buna şahid olmuşam, hətta ordakı bəzi kitablar barədə vaxtilə çalışdığım mətbu orqanlarda yazılar da dərc etdirmişəm. İndi Dini Komitə həmin kitab rəflərini “kitabxana” ifadəsiylə dəyişib böyük layihə kimi təqdim edirlər".
E.Miri nəzərə çatdırıb ki, ölkəmizdə 2000 məscidin olduğu deyilir və hər məsciddəki kitab rəflərinə 200 kitab yerləşdirilsə 400 min kitab edir. Bu isə milyonlarla məbləğ deməkdir:
"Yenə də gözəldir. Çünki təki bu cür xeyirli işlərə vəsait ayrılsın. Dünyanın müxtəlif ölkələrindəki məscidlərində bunu görmək mümkündür. Möhtəşəm görüntüdür. Bunu Dini Komitənin etməyin əvəzinə, məscidə gələn insanların vasitəsilə etmək daha gözəl deyilmi? Demək olar ki, hər həftə cümə günləri məscidlərin elektrik enerjisi, qaz təchizatı və sairlərin ödənilməsi barədə elanlar edilir və vəsaitlər yığılır. Bu kitabxanalar üçün camaata elan etmək daha gözəl olmazmı? Hər kəs ya kitab üçün dəstək olar, ya da bu sahədə evdə oxunmamış qalmış dini kitabları gətirilərək məscidlərin kitabxlarına hədiyyə verilər. Çünki tarixdə elə alimlər olublar ki, vəfat etdikləri təqdirdə kitablarını mədrəsə funksiyanı həyata keçirən məscidlərə bağışlayırdılar. Məsələn, təkcə əl-Vaqidi vəfatından sonra 2000-dən çox kitabını bağışlamışdı. Bağdaddakı Beytul Hikmə adlanan kitabxanaya alimlər şəxsi kitablarını vəsiyyət edirdilər".
Dinşünas alim onu maraqlandıran başqa məqamın olduğunu deyir:
"Məscidlərin kitabxalarına hansı kitablar verilir? Bu kitabların siyahısını kim və kimlər nəyə əsasən müəyyənləşdirirlər? Sosial şəbəkələrdəki paylaşılan həmin kitab rəfinin şəkillərinə baxırsan ki, kitabların içində heç dini məzmunlu kitablar yoxdu. Heç Cəlil Məmmədquluzadənin də əsərlərini görmədim. “Molla Nəsrəddin” jurnalına da şahdi olmadım. Heydər Əliyevin dinlə əlaqəli çıxışlarından ibarət kitabı da gözümə dəymədi.
Dini Komitə Mədəniyyət Nazirliyinin işini öz öhdəsinə götürübsə, bu barədə heç nə deyə bilmərəm. Amma bu gün 2000-dən çox məscidin olduğu yerdə heç kitabxana olmadığı halda məscidin içinə bunları yerləşdirmək təşəbbüsü həm maraqlı gəlir, həm də təəccüblü…"
Elşad Miri öz təklifini də irəli sürüb:
"Dini Komitə Azərbaycanımızda qadağan etdiyi “İslamda Yoxdur” adlı kitabımdan çap olunduğu Türkiyədən, Qırğızıstandan gətizdirib həmin kitab rəflərinə yerləşdirib üzərinə də “əl vurmayın, təhlükəlidir” yazsa, daha yaxşı olmazmı? Bununla insanların “gözünü açsa”, ya da oxumalarına şərait yaradıb bu kitablardan niyə qadağan edildiyini izah etsə, maraqlı olmazmı?
Bu gün müsəlmanlar dinlərinin əsas kitabı olaraq qəbul etdikləri Quranı, tərcüməsini oxumadıqları halda imamlar həmin kitab rəflərinə doldurulan kitablardan imamlar hər cümə günü xütbədə sitatlarmı gətirəcəklər? Yoxsa namazdan başqa qalan vaxtlarda oturub həmin kitabları müzakirəmi edəcəklər?"
Bir nüansı da öyrənmək istəyən Elşad Miri "Bu kitablar təkcə məsciddə oturub oxumaq üçündür, yoxsa evə aparmağa da icazə verəcəklər?" deyə sual ünvanlayıb:
"Yoxsa kitablar boşaldıqca Dini Komitə tender elan edib kitablar alıb oranı doldurmaqla işini davammı etdirəcək? Bəlkə artıq onlayn kitablar oxumaq mümkün olduğuna görə Dini Komitə hər məscidə planşet layihəsini həyata keçirib orda ancaq onlayn oxumaq üçün də şərait yaratsın? Səsli kitablar üçün telefonlarda işləyəcək tətbiqlər həyata keçirsinlər. Hər kəs şəxsi telefonuyla QR kodu oxuyub kitab menyusuna girib istifadə etsinlər?
Lakin bu gün texnologiya əsrində jurnalistlər üçün mediatur təşkil edərək bəzi məscidlərə kitab rəfi yerləşdirməklə guya böyük iş görürləmiş kimi ictimai fikir yaratmağa çalışmaq sadəcə əbəslə məşğul olmaq və ucuz PR vasitəsidir".