Etibar Əliyevə Komitədən cavab: Tədbir görüləcək

Etibar Əliyevə Komitədən cavab: Tədbir görüləcək
13:06

Sabiq deputat, təhsil eksperti Etibar Əliyevin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya ünvanladığı açıq məktuba cavab gəlib.

News365.az  xəbər verir ki, komitənin mətbuat katibi Teymur Mərdanoğlu Feysbuk səhifəsində sabiq deputatın məktubuna cavab yazıb.

Məktubu təqdim edirik:

“Hörmətli Etibar müəllim!

Açıq məktubunuza cavab olaraq ilk növbədə diqqətinizə çatdırmaq istəyirik ki, Dövlət Komitəsi olaraq biz heç bir layihəni nə müstəqil, nə də müştərək şəkildə maliyyələşdirmirik.

Lakin fəaliyyət istiqamətlərimizə uyğun olaraq əhalinin müxtəlif təbəqələrinin, o cümlədən uşaqların hüquqlarının və ən yaxşı maraqlarının qorunması, eləcə də qurumlararası əlaqələndirmə məsələlərini daim diqqət mərkəzində saxlayırıq.

Qaldırdığınız məsələ ilk növbədə qida təhlükəsizliyi, sanitar-gigiyenik qaydalara əməl olunması ilə yanaşı, uşaqların və digər əhali qruplarının ictimai, sosial və psixoloji maraqları ilə də uzlaşmayan halları ehtiva edir və bu baxımdan xüsusi həssaslıq tələb edir.

Bu səbəbdən qeyd etdiyiniz faktlarla bağlı müraciətiniz aidiyyəti dövlət orqanlarına yönləndiriləcək və məsələnin qısa müddətdə araşdırılması, müvafiq tədbirlərin görülməsi istiqamətində zəruri işlərin həyata keçirilməsi təmin olunacaqdır.

Eyni zamanda, nəticələr barədə sizə əlavə məlumat veriləcəkdir.

Müraciətiniz və qaldırdığınız məsələ ilə bağlı həssas yanaşmanıza görə təşəkkür edirik”.

Qeyd edək ki, Etibar Əliyevdən Bahar Muradovaya ünvanladığı açıq məktubda məktəbə gedən yolun üstündə olan heyvan kəsmə yeri ilə bağlı iradını bildirmişdi:

“Hörmətli Bahar xanım!

Üç məktəbə gedən yolun üstündə dananı kəsib, başını asırlar.

Bütün qəssabxanalar belədir. Əminəm ki, Siz uşaq psixologiyasının əlifbasından xəbərdarsınız.

Nəvəmın psixoloji travma almaması üçün gözlərini bağlayıb oradan keçməliyik?

Bəlkə bu mövzu üzrə də Elm və Təhsil Nazirliyi ilə birgə qrant müsabiqəsi elan edəsiniz?”


Sizin reklam burada
Sizin reklam burada