Xətai rayonunda polislər məktəblərdə maarifləndirmə tədbir keçirdi - FOTOLAR

Xətai rayonunda polislər məktəblərdə maarifləndirmə tədbir keçirdi - FOTOLAR
11:58

Xətai Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 257 nömrəli tam orta məktəbdə və 261 nömrəli məktəb-liseydə maarifləndirmə tədbirləri keçirilib. 

"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirlərdə polis əməkdaşları, psixoloqlar, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.  

News365.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vaqif Müslümov tədbirlərdə çıxış edərək təhsil müəssisələrində keçirilən bu tədbirlərin mahiyyətindən danışıb, əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların yaratdığı sosial və psixoloji fəsadları barədə məlumatlandırılması və sağlam həyat tərzinə təşviq edilməsi olduğunu bildirib.  

Çıxış edənlər şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə aparılan qətiyyətli mübarizə tədbirləri, həmçinin erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları və kibertəhlükəsizlik mövzusunda ətraflı bilgi veriblər. 

Tədbirlərdə ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.

Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.



Sizin reklam burada
Sizin reklam burada