ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların dayandırılması barədə açıqlamasından sonra, Yaxın Şərqdə vəziyyət bir qədər yumşalaraq iki həftəlik atəşkəs əldə olunub. Lakin İran tərəfi bildirir ki, müharibə yalnız aprelin 10-da danışıqlarda 10 bəndlik saziş imzalandıqdan sonra başa çatmış hesab olunacaq.
News365.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatlar gözlənilən nəticəni verməyib.

“Təl-Əviv və Vaşinqton İranın bir sıra mühüm şəxslərini sıradan çıxarıb, infrastruktur və iri şəhərlərə zərbələr endirsə də, Tehran sərt cavab verib. Körfəz ölkələri, Türkiyə və Avropa müttəfiqlərinin Vaşinqtona dəstək verməməsi də əməliyyatların dayandırılmasında rol oynayıb”, – deyə Turan Rzayev qeyd edib.
Ekspert vurğulayıb ki, atəşkəsin əldə olunmasında ən böyük rol Çinə məxsusdur. Pekin həm diplomatik təzyiqlər göstərərək ABŞ-ı danışıqlar masasına çəkib, həm də İrana hərbi yardımlar edib. Pakistanın baş naziri Şahbaz Şərif isə aprelin 10-da ABŞ, İsrail və İran nümayəndələrini İslamabadda danışıqlara dəvət edib.
Turan Rzayevin sözlərinə görə, qarşıda planlanan iki həftəlik atəşkəs və apreldə keçiriləcək danışıqlar müharibənin tam bitdiyini göstərmir. Hər iki tərəf hazırda özünü qalib elan etsə də, ortada tam qələbə yoxdur və əldə edilən nəticə yalnız simvolik hesab oluna bilər.