"Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait xərclənib" - Vüqar Bayramov

"Qarabağ və Şərqi Zəngəzurun bərpasına  22 milyard manat vəsait xərclənib" - Vüqar Bayramov
13:57

Ermənistanın işğalından azad olunmuş Qarabağ və Zəngəzur bölgələrində bərpa və məskunlaşma layihələri sürətlə davam edir. Dövlətin maliyyə dəstəyi, infrastruktur layihələri və yeni yaşayış sahələrinin yaradılması nəticəsində bölgədə iqtisadi fəaliyyət güclənir və vətəndaşların məskunlaşması intensivləşir.

News365.az-a açıqlamasında Millət Vəkili Vüqar Bayramov bildirib ki, Ermənistanın işğalından azad olunmuş Qarabağ və Zəngəzur bölgələrində bərpa və infrastruktur layihələri intensiv şəkildə davam edir.

Onun sözlərinə görə, artıq işğaldan azad olunmuş ərazilərdə 75 mindən artıq vətəndaş yaşayır, işləyir və fəaliyyət göstərir.


Bayramov qeyd edib ki, dövlət büdcəsi hesabına bu istiqamətə ayrılan vəsaitin həcmi artır. Böyük zəfərdən sonra Qarabağ və Zəngəzur bölgələrinin bərpasına 22 milyard manatdan artıq vəsait xərclənib. 2026-cı ildə isə bu layihələrə ən azı 5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Millət vəkilinin sözlərinə görə, 2026-cı ildən etibarən bölgədə məskunlaşma prosesləri daha da sürətlənəcək və ümumilikdə Qarabağ və Zəngəzurda 150 mindən artıq vətəndaş yaşayacaq, işləyəcək və təhsil alacaq. Ağdam şəhərinin yaxın gələcəkdə yüz minlik əhalisi ilə Qarabağın iri şəhərlərindən birinə çevriləcəyi gözlənilir. Eyni zamanda Füzuli şəhərində yeni yaşayış sahələrinin yaradılması planlaşdırılır ki, burada 50 min sakinin məskunlaşması və inkişaf etmiş nəqliyyat və loqistika infrastrukturu formalaşacaq.

Bayramov həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsinin regionun iqtisadi və nəqliyyat imkanlarını gücləndirəcəyini vurğulayıb. “Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tamamlanması bölgədə təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə imkan yaradacaq. Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatına töhfə verəcək layihələr yaxın dövrlərdə reallaşdırılacaq”, – deyə o bildirib.

Millət vəkilinin açıqlamasına görə, növbəti dövrlərdə bölgədə həyata keçiriləcək layihələrin ümumi dəyəri təxminən 15 milyard manat təşkil edəcək.


Sizin reklam burada
Sizin reklam burada