Siyəzən rayon sakini atası Qabil Zeynalovun vəfatında Mərkəzi Klinikanın Kardiologiya Şöbəsinin müdiri, həkim‐kardioloqu Firdovsi İbrahimovu ittiham edir.
News365.az xəbər verir ki, Mabəddin Zeynalov bildirib ki, 2‐ci qrup əlil olan atası aprelin 18-də vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına üz tutub.
Şikayətçinin sözlərinə görə, mərhum yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib:
“Həkimlərin baxışından sonra atama infarkt diaqnozu qoyulub, təcili yardımın köməyi ilə o, Mərkəzi Klinikaya təxliyə edilib. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək damarına angioplastika yolu ilə stent qoyulduqdan sonra, təkrarən aprelin 26-da növbəti müayinədən keçməsini bildirib. Biz də həmin gün atamı yenidən gətirdik, lakin Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman oradakı əməkdaşlar qanunsuz olaraq pul köçürmələrini tələb etdilər, əks halda xəstəyə baxmayacaqlarını bildirdilər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək bizdən pul köçürməyimizi tələb etdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər”.
M.Zeynalov deyir ki, daha sonra şöbə müdirinin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, həkim və köməkçiləri onu tanımadıqlarını bildiriblər: “Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik. Ödənişləri etdikdən sonra xəstəni Firdovsi İbrahimovun qəbuluna keçirən zaman xəstəxananın mühafizə xidməti yaxınlaşaraq həkimin xəstəni qəbul etmək istəmədiyini bildirdi. Səbəb də o olub ki, guya biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbuki belə şey baş verməyib. Amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək müxtəlif əsassız bəhanələr gətirməklə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina edib”.
Vətəndaş bundan sonra aidiyyəti üzrə müraciətlər edib: “Məsələ ilə bağlı aprelin 26-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi və TƏBİB‐in qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq müraciət etmişik. Lakin onunla bağlı heç bir tədbir görülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni aprelin 27-də vəfat etdi”.
İddialarla bağlı həkim Firdovsi İbrahimovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, pasiyent Qabil Zeynalov aprelin 18-də Siyəzən Rayon Mərkəzi xəstəxanasından bu klinikaya miokard infarktı diaqnozu ilə KAG müayinəsi üçün təxliyə edilib: “Xəstə daxil olan kimi ona hər bir tibbi xidmət göstərilərək təcili olaraq KAG laboratoriyasına qaldırılaraq infarkt keçirdiyi RCA damarına 2 ədəd dərmanlı stent implantasiya edilib. Bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayıb. Xəstə stasionara daxil olan kimi intravenoz inyeksiya üçün səthi venalara düşmək qeyri-mümkün oldu (arterial təzyiq yüksək olduğu halda). Bu şübhə yaradaraq xəstədən anamnez toplanarkən narkotik vasitə istifadəçisi olduğu soruşulub, xəstə inkar edib. Sonradan xəstəyə KAG masasında femoral venadan damar yolu qoyulub, daha sonra KAG üçün arteriyadan girişim edilib. Xəstə sidikdə narkotik maddə təyini analizi olunmasına da imkan verməyib”.
F.İbrahimovun sözlərinə əsasən, xəstə və yanında gələn iki nəfər əvvəl xəstənin şəhid ailəsi olduğunu qeyd edərək onlara aid imtiyazlardan yararlanmaq istəyiblər: “Daha sonra şəhid ailəsi olmasını sübut edən sənəd olmadığından Qarabağ müharibəsi əlili, daha sonra isə sadəcə 2-ci qrup əlil olduğunu qeyd edərək bütün personalda şübhə doğurublar. Araşdırdığımız zaman bu xəstənin nə şəhid ailəsi, nə də Qarabağ müharibəsi iştirakçısı olduğu üzə çıxdı. Xəstə və yaxınları getdikləri tibbi və qeyri-tibbi mərkəzlərdə bu şəkildə hər kəsi şantaj etməklə məşğul olduqları ortaya çıxdı.
Aprelin 19-da xəstə müalicəsini qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməli olduğu üçün evə yazılıb. Lakin xəstə aprelin 26-da Mərkəzi klinik Xəstəxananın özəl poliklinikasına müraciət edib. Halbuki poliklinik bütün xidmətlər İcbari tibbi sığorta nəznində olan bütün yerli poliklinikalarda mövcuddur. Həmin gün xəstə və yaxınlarından məcburi heç bir ödəniş tələb olunmayıb. Xəstəyə resept verilərək növbəti müayinələrini yerli xəstəxanada davam etdirməli olduğu izah olunub. Lakin yaxınlarının analiz vermək istəyi ilə özləri kassaya ödəniş ediblər. 4 dəqiqə sonra ödənişi geri götürüblər. Xəstəyə müalicəsini davam etdirməsi üçün dərman resepti də verilib”.
Şöbə müdiri əlavə olaraq bildirib ki, xəstə və yaxınları ilə heç bir kobud davranış olmayıb: “Əksinə ölkənin professor həkimi, həkimlər və digər personal təhdid edilib. Xəstənin yanında olan 2 nəfər hədə-qorxu gələrək “biz hər kəsi dizi üstə gətirmişik” deyərək müharibə iştirakçısı mühafizəçini itələyərək divara vurub.
Həkimlərə məlumdur ki, çoxlu narkotik maddə istifadə edən şəxslərdə şəkərli qidalara güclü istək və tələbat yaranır. Bu xəstənin əvvəllər də dəfələrlə yüksək şəkər (600mg/dl və ölçülə bilinməyən Hİ səviyyədə) göstəricisi ilə Siyəzən Rayon Xəstəxanasına müraciət etməsi yuxarıdakı şübhələri doğruldur. Xəstənin aprelin 26-dan sonra rayon xəstəxanasına təkrar müraciət etməsinə səbəb şəkərin yenidən kəskin yüksəlməsi olub”.