Milli Məclisin hansı komitəsi yaz sessiyasında aktiv oldu? - SİYAHI

Milli Məclisin hansı komitəsi yaz sessiyasında aktiv oldu? - SİYAHI
14:06

Milli Məclisin yaz sessiyası başa çatmaq üzrədir: qarşıdakı günlərdə - mayın 30-da sonuncu iclas keçiriləcək.  İndiyədək ümumilikdə 51 komitə iclası keçirilib və 142 məsələ müzakirə edilib.

News365.az indiyə kimi hansı komitələrin daha çox iclas keçirdiyini və məsələləri müzakirə etdiyini araşdırıb.

Məlum olub ki, parlamentin yaz sessiyasında ən çox məsələ müzakirə edən komitə Əli Hüseynlinin sədri olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsidir. Belə ki, indiyə qədər 5 iclas keçirən komitədə ümumilikdə 32 məsələnin müzakirəsi baş tutub.

Arzu Nağıyevin sədri olduğu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi müzakirə edilən məsələlərin sayı baxımından ikinci yerdədir. 26 məsələni müzakirə edən komitənin ümumilikdə 7 iclası keçirilib.

Əmək və sosial siyasət komitəsi (sədr Musa Quliyev) və Aqrar siyasət komitəsi (sədr Tahir Rzayev) 6 iclas keçirib. Əmək və sosial siyasət komitəsi 16 məsələ, Aqrar siyasət siyasət komitəsi isə 13 məsələ müzakirə edib.



Səməd Seyidovun rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyası çərçivəsində indiyə kimi 5 iclası keçirilib və 12 məsələ müzakirə edilib.



Digərləri ilə müqayisədə daha çox iclas keçirən komitələrdən biri də Azər Əmiraslanovun rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olub. 4 iclas keçirən komitədə 18 məsələyə baxılıb.

Polad Bülbüloğlunun sədrlik etdiyi Mədəniyyət komitəsi də indiyə qədər 4 iclas keçirib. Ümumilikdə, 6 məsələ ətrafında diskusiya aparılıb.

Siyavuş Novruzovun rəhbərlik etdiyi Regional məsələlər komitəsi 4 iclas keçirib. Komitə 5 məsələni müzakirəyə çıxarıb.

Ümumilikdə 3 iclas keçirən komitələr:

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi (sədr Sadiq Qurbanov)

- İnsan hüquqları komitəsi (sədr Zahid Oruc)

- Ailə, qadın və uşaq komitəsi (sədr Hicran Hüseynova) 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi 8 məsələni, İnsan hüquqları komitəsi 5, Ailə, qadın və uşaq komitəsi isə ümumilikdə 7  məsələni müzakirə edib.

Ümumilikdə 2 iclas keçirən komitələr:

- Səhiyyə komitəsi (sədr Əhliman Əmiraslanov)

- Gənclər və idman komitəsi (sədr Şahin İsmayılov)

- Elm və təhsil komitəsi (sədr Anar İsgəndərov)

Hər üç komitə də ümumilikdə 3 məsələyə baxıb.

Ən az iclas keçirən komitə isə İctimai birliklər və dini qurumlar komitəsi (sədr Fazil Mustafa) olub. Komitə sessiya ərzində 1 iclas keçirib və ümumilikdə 2 məsələni müzakirə edib.


Sizin reklam burada
Sizin reklam burada