Məktəbdə ilanlar peyda olur?

Məktəbdə ilanlar peyda olur?
08 Apr 2023 14:18

"Mən özüm bu məktəbdə  təhsil almışam, mənim övladlarım burada təhsil alıb. Bizim dövrümüzdə məktəb gözəl idi, qəşəng idi. Amma hazırda çox bərbad vəziyyətdədir. Nəvələr evdən gedir məktəbə, axşama xəstə gəlir. Çünki pəncərəsi yox, şüşəsi yox palto ilə sinifdə otururlar. Hələ yaz indi gəlib, indidən 2-3 dənə ilan öldürüblər. Patalokdan ilan düşür. Bu nə dərəcədə düzgündür? Uşaqlara adamın yazığı gəlir".

Bu sözləri news365.az saytına açıqlamasında kənd sakini Füzuli Həsrətov deyib.

Kənd sakini Musa İsayev də bildirir ki, Zaqatala rayonu Kəpənəkçi kənd məktəbi  əvvəllər birincilər sırasında olsa da, indi əsaslı təmirə ehtiyac duyur:

"1967-ci ildə mən bu məktəbin birinci sinfinə getmişəm. Onda bu məktəb bəlkə də rayonda birincilər sırasında idi. Ancaq biz də yaşlanmışıq, məktəb də belə görünür ki, öz istismar dövrünü ötübdü. Mənə elə gəlir ki, bu məktəbin yenilənməsinə layiq kənddi və yenilənməlidi. Çünki, bu gün məktəbin içərisinə girirsən bərbad vəziyyətdədir. Pollar yox vəziyyətdədir, pəncərələr hamısı tökülüb, tavandan yağış töükülür, uşaqlar qış mövsümündə palto ilə dərsdə otururlar. Biz istəyirik ki, bu kəndin məktəbi yenidən qurulsun, yenidən tikilsin".

Ötən əsrin 60-cı illərində tikilib istifadəyə verilən 180 şagird yerlik məktəb binası hazırda yarasız və qəzalı vəziyyətdədi. Kəndin yeganə təhsil ocağının inzibati binasının sinif otaqlarının döşəməsi, qapı və pəncərələri sınmış-çürümüş haldadır. Məktəb binasının hörgüsündə istifadə edilən tikinti materilallarının istismar müddəti başa çatdığından divarlar dağlılıb tökülməyə başlayıb. Təhsil ocağının akt və idman zalları tam yararsız haldadır, artıq neçə ildir ki, istifadə edilmir. Kənd sakinləri məktəb binasının yarasız hala düşməsindən narahatlıqlarını bildirərək, müasir standartlara cavab verən yeni məktəbin tikilməsinə ehtiyac olduğunu bildirirlər.

Məktəb direktoru Səlahəddin Süleymanovun  sözlərinə görə, 60 ildən yuxarı müddətdə tikilib istifadəyə verilən məktəb binası fəaliyyət göstərdiyi dövürdə yalnız bir dəfə 22 il bundan əvvəl təmir edilib:

"Məktəbimiz 1966-cı ildə inşa edilib. Hazırda məktəbdə 165 şagird oxuyur, onların tərbiyəsi ilə 32 müəllim məşğul olur. Demək olar ki, müəllimlərimizin 90 faizi bu məktəbin məzunlarıdır. Hazırda məktəbimiz 2 növbəlidir, səhər 9-un yarısında, günorta isə 1-in yarısında başlayır. Məktəbdə sinif otaqlarının sayının bir qədər az olması məktəbimizin iki növbəli işləməsinə səbəb yaradır. Məktəbə baxış keçirilib və Şəki-Zaqatala Regional idarəsi tərəfindən baxış zamanı məktəbimizin yenidən inşa edilməsi haqqında yenidən məlumat verilib. Biz də əminik ki, məktəbimiz bu yaxın günlərdə yenidən inşa ediləcək"

Kəpənəkçi kənd tam orta məktəb binasının yarasız və qəzalı vəziyyətə olması ilə bağlı Şəki -Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirir ki, sözügedən kənd məktəbi isə sökülərək yenidən tikintisi nəzərdə tutulur:

“Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha qəzalı vəziyyətdə olan məktəblərin bərpası plana salınır. Sözügedən kənd məktəbi isə sökülərək yenidən tikintisi nəzərdə tutulur”.

 


Sizin reklam burada
Sizin reklam burada