“Məkkə Sazişi” İrana qarşı istifadə oluna bilər – Politoloqdan xəbərdarlıq

“Məkkə Sazişi” İrana qarşı istifadə oluna bilər – Politoloqdan xəbərdarlıq
09:20

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə Sazişi”ni imzalayıb.

Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hər hansı dövlətə qarşı yönəlmədiyini və “tamamilə müdafiə xarakterli” olduğunu bildirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə sazişi mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi kimi xarakterizə edib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, “Məkkə Sazişi” NATO-nun 5-ci maddəsinin məntiqinə əsaslanırsa, bu, mahiyyət etibarilə müdafiə paktıdır.


Onun sözlərinə görə, belə bir mexanizm tərəflərdən hər hansı birinə qarşı mümkün hücumun digər iki ölkənin də reaksiyasına səbəb ola biləcəyi mesajını verir:

“Məsələn, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyə Ərəbistanını deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir”.

Politoloq qeyd edib ki, tərəflər sazişin İrana qarşı yönəlmədiyini bəyan edirlər. Lakin sənədin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması müəyyən suallar doğurur.

Turan Rzayevin sözlərinə görə, İranın dəstəklədiyi proksi qüvvələrdən biri olan Yəmən husilərinin son günlər Səudiyyə Ərəbistanına qarşı hücumları da diqqət çəkir.

“Əlbəttə, husiləri İran dəstəkləsə də, bu, indiki məqamda ‘Məkkə Sazişi’ ölkələrinin İrana müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyi yenidən hərbi müstəvidə alovlanarsa və rəsmi Tehran ABŞ-ın regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünü İrana qarşı müəyyən addımlar atmağa məcbur edə bilər”, – deyə politoloq bildirib.

O qeyd edib ki, İran Türkiyənin NATO üzvü olması səbəbindən Ankaraya birbaşa zərbə endirməkdən çəkinə bilər. Lakin Səudiyyə Ərəbistanı və Pakistana qarşı mümkün hücumlar vəziyyəti dəyişə bilər:

“Bu isə faktiki olaraq ‘Məkkə Sazişi’ ölkələrinə hücum kimi qiymətləndirilərək İrana cavab zərbəsi endirilməsi və vəziyyətdən asılı olaraq daha geniş müdaxilə imkanları yarada bilər”.

Turan Rzayev hesab edir ki, “Məkkə Sazişi” hazırkı mərhələdə üzv ölkələr üçün xarici təhdidlərə qarşı çəkindirmə mexanizmi rolunu oynasa da, uzunmüddətli perspektivdə müəyyən risklər yarada bilər.

“Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İranla mümkün qarşıdurmada əlavə dəstək verə biləcək ölkələr qazandırır”, – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan sazişin konkret olaraq hər hansı dövlətə qarşı yönəlmədiyi rəsmi şəkildə bildirilib.


Sizin reklam burada
Sizin reklam burada