Liderlərin gərgin və təcili görüşü – Nələr baş verdi?

Liderlərin gərgin və təcili görüşü – Nələr baş verdi?
18 Fev 2025 17:07
"Parisdə keçirilən sammitdə Avropa liderləri arasında kəskin fikir ayrılıqları yaşanıb. Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Ukraynaya qoşun göndərmək barədə razılığa gələ bilməyiblər. Belə ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz hərbi kontingentini Ukraynaya göndərmək istəmədiyini bildirib. Böyük Britaniya isə qoşunların göndərilməsini dəstəkləyib. Fransaya gəlincə, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli kənarda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını ön plana çıxarıb."

News365.az xəbər verir ki, politoloq Turan Rzayev bunu feysbuk səhifəsində paylaşıb.
"Aİ ölkələrinin bu məsələdə ortaq məxrəcə gələ bilməyəcəyi aydın idi. Çünki ittifaq daxilində ciddi fikir ayrılıqları var və son zamanlar qütbləşmə vəziyyətinə gəlib. Əsas qütbləşmə Fransa və Macarıstan arasındadır. Paris əvvəldən Rusiya-Ukrayna müharibəsinin davam etməsini müdafiə etdiyi halda Macarıstan savaşın bitməsi yönündə danışıqlar variantını təklif edirdi. Hətta Viktor Orbanın Rusiyaya səfər etməsi, Kiyev və Moskva ilə ayrı-ayrılıqda danışmasına görə Aİ-dən sərt mesajlar gəlmişdi.
Təsadüfi deyil ki, Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən sammitinə dəvət edilməyib. Diqqətçəkən məqam isə bu ölkələrin Macarıstanla eyni düşüncədə olmasıdır. Onu da deyim ki, Fransa Prezidenti Emmanuel Makronun Parisdə çağırdığı fövqəladə toplantıya Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa liderləri, eləcə də Avropa Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO Baş katibi Mark Rutte qatılmışdı.
Almaniya, İtaliya, Polşa və İspaniyanın öz hərbi kontingentini Ukraynaya göndərmək istəməməsi başadüşüləndir. Xüsusilə Almaniya sənayesinin enerjiyə ehtiyacı var və müharibənin bitməsini ən çox Berlin arzulayır. Almaniya sülhdən sonra Rusiyadan qaz alışının əvvəlki kimi olmasını istəyir. Polşaya gəldikdə isə Varşava müharibəyə ən yaxın ölkədir. Ukraynaya ən çox yardım edən ölkə də Polşadır. Lakin Varşava ilə Kiyev arasında narazılıqlar var. Bununla belə Polşa müharibənin öz ərazisinə keçməsini istəmir.
Ümumilikdə Parisin təklifini daha məqbul saymaq olar. Belə ki, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli aralıda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını dəstəkləyib. Aydın məsələdir ki, Rusiya ilə Ukrayna arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin atəşkəs sazişi imzalana bilər. Bu halda iki ölkənin sərhədində beynəlxalq missiyanın yerləşdirilməsi qaçılmaz olacaq.

Sizin reklam burada
Sizin reklam burada