Türkiyənin Sivas vilayətinin Yıldızeli rayonundakı Kayalıpınar qədim yaşayış məskənində aparılan qazıntılarda maraqlı kəşf edilib. Buradan Hititlər dövrünə aid 56 mixi yazılı gil lövhə və 22 möhür basqısı üzə çıxarılıb.
News365.az xəbər verir ki, ən diqqətçəkən tapıntı isə quş falına dair mətnlər olub. Alimlər bildiriblər ki, Hitit kralları, şahzadələr və saray əyanları mühüm qərarları verməzdən əvvəl quş falına müraciət edirmişlər.
Qazıntıların rəhbəri, Koç Universitetindən dosent Çiğdem Maner qeyd edib ki, bu lövhələr Hitit dövlət arxivləri üçün mühüm əhəmiyyət daşıyır:
“Hititlər yaxşı və ya pis hadisələrin tanrılardan gəldiyinə inanırdılar. Ona görə də kehanətlərə və fallara böyük əhəmiyyət verirdilər. Quş falı isə onların ən çox istifadə etdiyi metodlardan biri olub,” – deyə o bildirib.
Tapılan möhürlər arasında kral III Hattuşilinin oğlu IV Tuthaliya, saray katibləri və rütbəli məmurlara aid nümunələr də var.
Arxeoloqlar hesab edirlər ki, bu kəşf qədim dövrün dövlət idarəçiliyi, din və mədəni həyatı haqqında yeni məlumatlar ortaya qoyacaq.