Kim ailəsinin strategiyası - Bu sistem 70 ildir dağılmır! - Şimali Koreya reallıqları - VİDEO

Kim ailəsinin strategiyası - Bu sistem 70 ildir dağılmır! - Şimali Koreya reallıqları - VİDEO
19 Apr 2025 20:01

Diktatorların məqsədlərinə çatmaq üçün müxtəlif üsullardan istifadə etdikləri məlumdur. Demək olar ki, onların hər biri müxtəlif mexanizmlərlə tam hakimiyyətə yiyələnə bilirdilər. Amma keçmiş diktatorlara nəzər salsaq, onların heç birinin uzunmüddətli sabitliyi qoruya bilmədiyini görərik. Adətən diktatorun ölümü ilə onun yaratdığı sistem də dağılırdı. Amma bu nöqtədə sizə fərqli bir ailə tarixindən bəhs edəcəyik. Dünyanın ən qapalı və ən sərt rejimli ölkəsi olan Şimali Koreyada atadan oğula keçən bir diktatura sistemi mövcuddur. Hətta ailə üzvləri öləndən sonra belə, qurduqları bu sistem işləməyə davam edir. Yəni, Şimali Koreadakı hazırkı sistemi indiyə qədər heç kim dağıda bilməyib.


 Ölkənin qurucusu Kim İl-Sunq və onun oğlu Kim Çen-İr elə bir rejim qurublar ki, bu gün də onlardan miras qalan avtoritar idarəetmə sağlam şəkildə işləyir. Qurduqları tam hakimiyyət sistemi sayəsində Şimali Koreyanı həm nüvə gücünə malik, həm də tamamilə qapalı bir "həbsxana dövlətinə" çeviriblər. 


Diktatorluq anlayışı qədim dövrlərdən bəri var. Hər bir diktatorun ətrafında onu dəstəkləyən bir kütlə və tərəfdarları olub. Bu kütlələr müəyyən maraqlar uğrunda diktatorlarını ucaldır və bütün dəyərlərin qaynağı kimi onun yanında dayaniblar. Amma diktator öldükdən sonra bu kütlələr də dağılır və sistemin sonu gəlirdi. Lakin Şimali Koreada diktatorluq artıq 3 nəsildir davam edir və onu dəstəkləyən kütlə hələ də ayaqdadır. Hətta indiki lider Kim Çen-ə ölkədə tanrı kimi baxanlar belə var. Gəlin bu videoda Kim Çen-Un və ailəsinin Şimali Koreyanı necə ələ keçirdiyini anlamağa çalışaq.


Şimali Koreyanın qurucusu Kim İl-Sunq 30 yaşlarında olarkən Yaponiyaya qarşı partizan idi. O, Koreyanın müstəqilliyi uğrunda canı bahasına vuruşmuş və ön plana çıxmışdı. İkinci Dünya Müharibəsi dövründə Koreya böyük qarışıqlıq içində idi. ABŞ əsgərləri ölkəyə cənubdan, Sovet əsgərləri isə şimaldan daxil olublar. Sovet İttifaqı şimalda hakimiyyətə Yaponiyaya qarşı fəaliyyətləri ilə tanınan Kim İl-Sunqu gətirib. Elə o illərdə Kim İl-Sunq idarəçilik anlayışını inkişaf etdirib və Sovet lideri Stalini örnək alıb. Stalinin Sovet İttifaqını idarə etmək üçün istifadə etdiyi taktikaları Koreya üçün tətbiq etməyə başlayıb. Bunlardan biri, şübhəsiz ki, davamlı təmizləmə idi. Hakimiyyətinə yaxınlaşmaq istəyənləri ya aradan götürür, ya da Rusiyadakı əmək düşərgələrinə sürgün edirdi. Stalinin dəstəyi ilə Şimali Koreyanı ələ keçirən Kim İl-Sunq artıq öz diktatura rejimini qurmağa hazır idi.


Hakimiyyəti ələ keçirdikdən sonra "Cuçe" adlı, özünəxas bir ideologiya yaratdı və "özünə yetərlilik" layihəsini başlatdı. Yəni sadə dillə desək, hər şeyi özümüz edəcəyik deyirdi. Çünki koreyalılar əsrlərlə Çin və Yaponiya kimi xarici güclərin təsiri altında əzilib əziyyət çəkmişdilər. Bu səbəbdən artıq öz ayaqları üzərində durmağın vaxtı çatmışdı. Beləliklə, Kim İl-Sunq ölkənin izolyasiyasını milli qürura çevirdi. Cuçe ideologiyasına görə başqa ölkələrlə əməkdaşlıq etmək, ölkənin müstəqilliyini təhlükəyə ata bilərdi.


Buna görə də koreyalılar xarici əlaqələrini kəsməli və liderlərinin ətrafında birləşməli idilər. O dövrdə xalqa bu qədər izolyasiya olunmalarının səbəbini bu ideologiya ilə qəbul etdirməyə çalışdılar. Beləliklə, uzunömürlü və sabit diktatorluq üçün ölkəni xarici təsirlərdən təcrid etmək ağıllı bir addım idi. Bir növ, Şimali Koreya üçün müasir monarxiya yaratmaq arzusu var idi. 1950-ci ilə gəldikdə isə 4 milyon insanın həyatına son qoyan Koreya müharibəsini başlatdı. Müharibədə bir tərəfdə Şimali Koreya və Çin, digər tərəfdə isə Cənubi Koreya, BMT və ABŞ dayanırdı. Bu güclə üz-üzə gələn Şimali Koreya çıxılmaz vəziyyətə düşdü və məğlub oldu. O illərdə Şimali Koreyanın ABŞ kimi bir super güclə rəqabət apara bilməyəcəyi məlum oldu və ölkə gələcək üçün yeni hesablamalara başladı. Bu planların əsasında isə həm xalqı nəzarətdə saxlaya biləcək, həm də dünyanı qorxudacaq qədər güclü bir texnologiya dururdu.


1970-ci illərə gəldikdə isə Şimali Koreyada Təbliğat Nazirliyi yaradıldı və məqsəd, medianı yalnız öz təbliğatları ilə doldurmaq idi. Kim Çen-İr hakimiyyətə yaxınlaşdığını hiss edirdi və bu nazirliyin rəhbəri olaraq müxtəlif fəaliyyətlərə başladı. Daha sonra Şimali Koreyanın özünü tanıtmaq məqsədilə saysız-hesabsız film və sənədli filmlər çəkildi. Bu filmlərin çoxu ölkənin qurucuları haqqındaydı və həddindən artıq şişirdilmiş hekayələrdən ibarət idi.


Bəzilərini desək, Kim Çen-İrin doğumu yağışlı bir gündə göydən gələn bir qaranquş tərəfindən müjdələnmişdi. Bu xəbərdarlıqdan dərhal sonra qarlı hava yerini parlaq ikiqat göy qurşağına vermişdi. Bu zaman koreyalılar böyük coşqu ilə oxuyub rəqs etməyə başlamışdılar. Kim İl-Sunqun ölümü yaxınlaşdıqca, oğlu Kim Çen-İr haqqında yayılan xəbərlər daha da absurda çevrilmişdi. Məsələn, Kim Çen-İr 3 həftəliyində yeriməyi, 8 həftəliyində isə danışmağı öyrənmişdi. Həmçinin hava hadisələrini idarə edə bilir və tam 1500 kitab yazmışdı. Fiziki olaraq o qədər kamil idi ki, guya heç vaxt tualetə belə getmirdi. Əgər məntiqi çərçivədən baxsaq, bütün bunların ağlabatan heç bir tərəfi yoxdur və sadəcə böyük bir uydurmadır. Amma o dövrdə Şimali Koreya xalqı o qədər cahil və basqı altında idi ki, qarşılarına çıxarılan hər şeyə inanırdılar. Xalq hadisələrə məntiqi yanaşa bilmirdi və liderləri haqqında deyilən hər tərifli xəbəri qəbul edirdi. Bu şəkildə xalqın rejimə daha da bağlanması təmin edilirdi və beyinləri yuyulurdu. Amma əbədi lider Kim İl-Sunq xəstələnib Kim Çen-İrin hakimiyyəti yaxınlaşanda, onun haqqında çəkilmiş şişirdilmiş filmlər və sənədli filmlərdəki uydurma bacarıqların həqiqətə uyğun olmadığı üzə çıxdı.


1994-cü ildə Koreyada şiddətli bir aclıq başladı. Kənd təsərrüfatı məhsulları zəif oldu, ölkə isə düzgün idarə olunmurdu. Bütün bu mənfi hallar birləşdikdə sistem çökməyə başladı və genişmiqyaslı aclıq ölkəni bürüdü. Kim Çen-ir hakimiyyətini möhkəmləndirmək istədiyi bir zamanda gözlənilməz aclıqla üzləşdi. Ancaq Kim ailəsi bu vəziyyəti belə öz xeyrinə çevirməyi bacardı. Əbədi hakimiyyət üçün ölkədəki aclıq vəziyyətindən öz maraqları naminə istifadə etdilər. Çünki kasıb, ac və təcrid olunmuş insanlar heç bir təhlükə yaratmır. Xalq zəifləyir və üsyana təşviq olunmur. Acı olsa da, tarix boyu insanları ac saxlamaq həmişə nəticə verib. Məsələn, Stalin Ukraynadakı aclıqdan istifadə edərək Sovet İttifaqını bir arada saxladı və Ukraynanın müstəqillik ideyalarını aradan qaldırdı. 


Əslində Kim ailəsi heç vaxt öz xalqını doyura bilmədi. Onlar bunu bacardıqlarını düşünsələr də, Şimali Koreyalılar heç vaxt rifah və zənginlik görmədilər. Sovetlərdən asılı yaşayırdılar və onlardan gələn dəstək sayəsində ayaqda qalırdılar. 90-cı illərin əvvəlində Sovet İttifaqı dağıldıqda tamamilə tək qaldılar və iqtisadiyyatları çökdü.


1990-cı illər Koreya üçün domino effekti yaratdı və faciələr bir-birini izlədi. Belə ki, yüz minlərlə Şimali Koreyalı aclıqdan həyatını itirdi. Şimali Koreya xalqının ən acınacaqlı illəri məhz bu 90-cı illər idi. Aclıq böhranının ortasında Şimali Koreyanın guya ölümsüz lideri Kim İl-sung 1994-cü ildə vəfat etdi. Xalq böyük bir yasa büründü və uzun müddət özlərinə gələ bilmədilər. Beləliklə, Kim Çen-ir ac və kədərli bir ölkəni təhvil aldı. Xalqı toparlamaq üçün ABŞ-a qarşı siyasət aparmağa başladı. Koreyanın Amerika təhdidi altında olduğu barədə bir görüntü yaratdı və bütün xalqı buna inandırdı. Həll yolu kimi isə yenidən Koreya müharibəsini gündəmə gətirdi. Bu müharibə təhdidi sayəsində ölkəni birlik olmağa məcbur etdi. Kim Çen-ir xalqa şükür etməyi və birlikdə olmağı tövsiyə edərkən, özü isə dəbdəbə içində yaşayırdı. 


Məsələn, bahalı və ifrat zövqləri var idi. Təkcə içkilərinə ildə 800 min dollardan çox pul xərcləyirdi. Özəl aşpazları və bir neçə villası vardı. O və kiçik bir qrup insan mümkün olan ən lüks həyatı yaşayarkən, Şimali Koreya xalqı çörək belə tapa bilmirdi. Lakin Kim Çen-ir sonunun digər diktatorlar kimi olmasını istəmirdi və bu sülalənin əbədi olmasını arzulayırdı. Cəmiyyətdə hər kəs Kim Çen-ir-in təcrübəsiz olduğunu, atası kimi karizmatik və müqəddəs sayılmadığını, rejimin gec-tez çökəcəyini düşünürdü. Amma Kim Çen-ir ona inanmayanları ən qorxunc addımla geri oturtmağı bacardı. Elində elə bir silah vardı ki, nə xarici güclər, nə də öz xalqı bunu gözləyirdi. 


 2003-cü ildə ABŞ işğalı ilə devrilən Səddam Hüseyn bir neçə ildən sonra aradan qaldırıldı. Adolf Hitlerin hakimiyyəti isə 1945-ci ildə Berlinin mühasirəsi zamanı intihar etməsi ilə sona çatdı. Muəmmar Qəddafini də unutmayaq. 2011-ci ildə NATO bombardmanları ilə sonu gözləniləndən daha tez çatdı. Bu cür nümunələrin yaşanmaması üçün Kim Çen-ir ən böyük çəkindirici gücü inkişaf etdirməyə başladı.


Kim ailəsi nüvə silahlarına “qiymətli qılınc” adını vermişdi. Bu qılıncların ailəni qoruduğunu deyirdilər. Beləliklə, Şimali Koreyanı Kim ailəsinin idarəsi altında bütöv şəkildə saxlamaq strategiyası bu güc sayəsində işə yaradı. Nüvə silahı hazırlamaq üçün uranı ciddi nəzarət altında olan xüsusi zavodlarda emal etmək lazımdır. Bu proses illər çəkir və baş verə biləcək qəzalar bu prosesi yavaşlada bilər. Ancaq proses uğurla başa çatdıqda, bu silahları təyyarələrdən ata və ya uzaqmənzilli ballistik raketlərlə buraxa bilərsiniz. Əvvəldən Kim ailəsinin nüvə məqsədləri digər bütün məsələlərdən üstün idi. Kim İl-sung ölməmişdən əvvəl artıq nüvə materiallarını toplamışdı. Sonrakı 40 illik tədqiqat və inkişafdan sonra proqram bir növ tətbiq edilə bilmədi.


Məsələn, Kim İl-sung vəfat edəndə Şimali Koreyanın nüvə silahı hələ yox idi. Yəni atası tərəfindən başlanan nüvə proqramı Kim Çen-ir-ə miras qalmışdı. Kim Çen-ir atasının nüvə arzularını reallaşdırmaqda qərarlı idi. Lakin ölkəni iqtisadi böhran illərində devraldığı üçün kifayət qədər pulu yox idi. Bu nöqtədə Şimali Koreya qanunsuz ticarətə, piratçılığa, narkotikə, qaçaqmalçılığa və çirkli pulların yuyulmasına yönəldi. Açıq şəkildə deyilsə, mümkün olan bütün qeyri-qanuni üsullardan istifadə edib ölkəyə pul gətirdilər. Daha sonra uğurlu nüvə fəaliyyətləri həyata keçirildi. 2011-ci ilə gəldikdə isə Kim Çen-ir vəfat etdi və yerinə oğlu Kim Çen-un keçdi. Güclü bir qar fırtınasında minlərlə Şimali Koreyalı liderlərinə son vidalarını etdilər.

Kollaj

 ölümsüz bir rejimin ən yaxşı tərəfi ölümün böyük problem olmamasıdır. Kim Çen-un başa gələn kimi nüvə fəaliyyətlərini sürətləndirdi və 2017-ci ildə böyük nüvə sınaqları həyata keçirdilər. Hətta Amerika Birləşmiş Ştatlarını vura biləcək gücdə bir hidrogen bombaları olduğunu belə söylədilər. Əgər babası eşitsəydi, böyük qürur hissi keçirərdi. Çünki Kim ailəsi İkinci Dünya Müharibəsindən bu yana ölkənin başındadır və qurduqları sistem hələ də dəqiqliklə işləyir. Görünür, bu uzun illər də davam edəcək.


Nəticə olaraq, Koreyanın gələcəyi Kim ailəsinin nəzarətində qalmaqda davam edəcək. Bu da digər diktatorların edə bilmədiyi nüvə silahı proqramı sayəsində mümkün oldu. Bu gün Şimali Koreya xalqını dünyanın qalan hissəsindən uğurla təcrid etməklə böyük nümunə sayılır. Ölkədə məlumata çıxış yoxdur və televiziyada yalnız bir kanal yayımlanır. Telefonlar isə hər an dinlənilir. Şimali Koreyalılar sərbəst səyahət edə bilməz, ölkə daxilində azad şəkildə hərəkət edə bilməz və icazə olmadan ölkəni tərk edə bilməzlər. 


Kamal Hüseynli




Sizin reklam burada
Sizin reklam burada