“26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü bayram təqvimizdə xüsusi yer tutur. Şanlı Qarabağ zəfəri ilə böyük tarix yazan Silahlı Qüvvələrimizin adı müasir tariximizə qızıl hərflərlə yazılıb”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, eləcə də hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda hərbçilərə sosial qayğının artırlması ordu quruculuğunda həmişə üstün istiqamətlərdən biri kimi dövlətin diqqət mərkəzində olub. Azərbaycan hərbçiləri yüksək peşəkarlığa malikdirlər, eyni zamanda onlara vətənpərvərllik, dövlətə, xalqa sadiqlik ruhu hakimdir. Dövlətimiz də bunu hər zaman yüksək dəyərləndirir. Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında hərbçilərin maaşları davamlı olaraq artırılır, onlar üçün nəzərdə tutulan sosial dəstək tədbirlərinin əhatə dairəsi genişləndirlir. Deyə bilərik ki, bu proses artıq davamlı hal alıb.
Millət vəkilinin sözlərinə görə, 2025-ci ildən icrasına başlanan sayca beşinci sosial islahat paketinə uyğun olaraq, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən qulluqçularının aylıq vəzifə maaşları yanvar ayının 1-dən artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib, Müdafiə Nazirliyinin mülki işçilərinin də aylıq vəzifə maaşları 20 faiz artırılıb. Ümumiyyətlə, büdcənin sosial xərclərinin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur, onların əməkhaqları, pensiya və təqaüdlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılır, aylıq vəzifə maaşlarına müəyyən əlavələr ödənilir.
Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramından daha üstün qaydada yararlanmalarıdır. Dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nümunəsidir. Ötən il Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Dövlətin ipoteka güzəştlərindən 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər.
“Dövlət vəsaiti hesabına mənzil təminatı hərbiçilərin sosial müdafiəsinin gücləndirlməsi siyasətinin mühüm bir istiqamətini təşkil edir. Bu proqram Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. İndiyədək bu sənədin icrası çərçivəsində Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun dövlət vəsaiti hesabına mənzillərlə təminatı həyata keçirilib və proses bundan sonra da davam etdirləcək”,-deyə millət vəkili vurğulayıb.