İsrail ona qarşı mübarizə aparanlarla müharibə aparır

İsrail ona qarşı mübarizə aparanlarla müharibə aparır
13 Noy 2024 17:30

İsrailin baş naziri Benyamin Netanyahu yeni  video müraciəti ilə İran xalqına müraciət edib. B.Netanyahu  ölkəsinin İranla müharibə istəmədiyini, bütün problemlərin isə Tehran hakimiyyətindən  qaynaqlandığını bildirib.

"Bir şey var ki,  Xamaneyi  İsraildən  daha çox qorxur. O, sizsiniz – İran xalqı. Xəyallarınızın itməsinə imkan verməyin. Xamaneyi rejimi hər gün zəifləyir, İsrail isə getdikcə daha da güclənir – hələlik dünya yalnız bizim gücümüzün bir hissəsini görüb", – deyə Netanyahu bəyanatında bildirib.

Netanyahunun fikrincə, İranın 1 oktyabrda İsrailə qarşı həyata keçirdiyi raket hücumu Tehrana 2,3 milyard dollara başa gəlib. "İsrailə daha bir hücum İran iqtisadiyyatına ciddi zərbə vuracaq və sizdən daha bir neçə milyard dollar alacaq. Mən də ,İsrail xalqı da bu müharibəni istəmir", – Netanyahu iranlılara müraciətində əlavə edib.

Netanyahu İran xalqının azad olsaydı, "tamamilə başqa bir həyat" yaşayacağını da vurğulayıb. "Ümidinizi itirməyin və bilin ki, İsrail və digər azad dünya ölkələri sizinlədir. İndiki rejim sizin gələcəyinizi və  bizim dövlətimizi məhv etmək istəyir. Ancaq buna imkan verməyəcəyik. Mən heç şübhə etmirəm ki, bir gün azad İranda israillilər və iranlılar birlikdə firavan və sülhsevər bir gələcək quracaqlar. Bu, İsrailin haqq etdiyi gələcəkdir. Bu, İranın haqq etdiyi gələcəkdir. Gəlin, bu gözəl xəyali gerçəkləşdirək", – deyə İsrailin baş naziri müraciətini bitirib.

İsrailli politoloq, siyasi elmlər namizədi, Aziznews.com saytının redaktoru Yuri Boçarov mövzu ilə bağlı   news365.az-a açıqlamasında bildirib ki,  İsraildə İranda hakimiyyətin dəyişməsini çox yüksək qiymətləndirərdilər, xüsusilə də əgər hakimiyyətə xalqın rifahı və ölkənin inkişafı üçün qonşularla dostluq münasibətləri qurmağı əsas götürən , dini spekulyasiyalarla  idarəetmədən uzaq bir hökumət gələrsə.

 Politoloq qeyd edib ki, İsrail, hakimiyyətin dəyişməsində maraqlı olsa da, bu prosesdə birbaşa iştirak etməkdə maraqlı deyil:

"Hazırda İsrailin bütün fəaliyyətləri həm nüvə təhlükəsi, həm də digər hərbi təhdidlər, o cümlədən İranın Livan, Hizbullah və Qəzza bölgəsindəki Həmas kimi proxylərə silah tədarükü ilə mübarizəyə yönəlib. Təbiidir ki, İsrailin müntəzəm olaraq İrana qarşı apardığı hərbi əməliyyatlar, yalnız cavab olaraq verdiyi zərbələr deyil, həm də öz gücünü nümayiş etdirmək və ölkə əhalisinə psixoloji təzyiq göstərmə məqsədi daşıyır. Bu, əhalini hazırkı hökumətə qarşı daha fəal mübarizəyə təşviq etmək, onlara Xamaneyi  rejiminin öz gələcək həyatlarındakı təhlükəni və İranın İsrailə qarşı müharibəsinin onların həyat və təhlükəsizliyinə birbaşa təhdid olduğunu göstərməkdir, bu, hal-hazırda Livanda baş verir. "- Boçarov deyib.

Ekspert həmçinin vurğulayıb ki, İsrailə görə, İranın gələcəyi xalqın əlindədir və hakimiyyət dəyişdikdən sonra, orada bölgələrin bölünməsi və ya müstəqilliyin yaranması ilə bağlı məsələlər, ya da əksinə, federasiya daxilində müəyyən ərazilər müəyyən əhali qruplarına müstəqillik verilməsi, bütün bunlar İslam Respublikasının daxili məsələləridir. 

"İsrail hər kəslə dost olmağa hazırdır. İsrail ona qarşı mübarizə aparanlarla müharibə aparır."-ekspert əlavə edib.

Səbinə Əlizadə 

news365.az 


Youtube kanalımız