Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümü ərəfəsində də keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqdadır. Bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, həmçinin Kəlbəcər şəhərinə köç karvanı yola salındı. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan yaşayış məntəqələrində yaradılan şəraitlə tanış oldu, Xocavənddə Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Dövlət başçımız bəyan etdi ki, “antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Qələbəmizi təmin edən isə xalqımızın iradəsi, öz doğma torpağına olan bağlılığıdır.”
Azərbaycan 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı elə bir tarix yazdı ki, bu gün hər kəs Azərbaycan haqqında danışır. 30 ilə yaxın işğaldan əziyyət çəkən ölkəmiz hər zaman sülh tərəfdarı olub. Bununla belə, Ermənistan havadarlarının dəstəyi ilə işğalı davam etdirib. Çünki onlar hesab edirdilər ki, müharibə olmayacaq. “Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən hər dəfə, hər zaman onları qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər” – deyən Müzəffər Ali Baş Komandan azad Qarabağ torpağından bir daha bəyan etdi ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi. Ona görə ki, biz haqlıyıq. Ən əsası isə odur ki, biz haqlı olduğumuzu postmünaqişə dövründə də sübut edirik. Belə ki, böyük abadlıq və tikinti meydançasını xatırladan Qarabağ və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir.
Keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı yeni dövrün əsas prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İşğaldan azad edilən ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir. Bu dəfəki səfər zamanı da yeni yaşayış məntəqələrinin təməli qoyulub, həmçinin sosial-mədəni obyektlər istifadəyə verilib.
Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissi ilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. “Böyük Qayıdış” proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır.
İşğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması əsl nümunə kimi qiymətləndirilməlidir. Belə ki, cəmi 8 aya – 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan, cari ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda müasir yol-nəqliyyat infrastrukturunun qurulması bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq, əhalinin rifahına töhfə verməkdədir.
“Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Cənab Prezidentin söylədiyi kimi, “əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır.”
Nigar Məmmədova