"İran–İsrail qarşıdurması ekoloji fəlakət təhlükəsi yaradır"- Ekoloq

"İran–İsrail qarşıdurması ekoloji fəlakət təhlükəsi yaradır"- Ekoloq
15:33

İran və İsrail arasında davam edən münaqişə digər müharibələrdən fərqli olaraq, əsasən tərəflərin bir-birinin silah anbarlarını, nüvə obyektlərini və yanacaq çənlərini hədəf alması ilə seçilir. Bu isə mümkün böyük ekoloji fəlakətlərin baş verə biləcəyindən xəbər verir.

News365.az xəbər verir ki, ekoloq Rövşən Abbasov mövzu ilə bağlı bildirib ki, İsrail İranın əsas nüvə obyektlərini sıradan çıxarmağa çalışır:

“İsrailin məqsədi İranın zənginləşdirilmiş uran istehsal edilən mərkəzlərini tamamilə sıradan çıxarmaqdır. Bu obyektlərin birbaşa vurulması halında, həmin ərazilərdə yaranacaq çirklənmə buludları təkcə yaxın bölgələrə deyil, küləklərin təsiri ilə uzaq coğrafiyalara da yayıla bilər. Hətta bu çirklənmənin Azərbaycana qədər çatması mümkündür”.

Ekoloq qeyd edib ki, belə halların təsirləri bəzi ekspertlər tərəfindən Yaponiyada baş vermiş nüvə fəlakəti ilə müqayisə olunur.

Digər mühüm risk isə İranın iri yanacaq çənlərinin hədəf alınmasıdır. Abbasov bildirib ki, İran həm hasilat, həm də ixrac potensialına görə dünyanın ən böyük enerji istehsalçılarından biridir:

“Bu çənələrin vurulması qısa müddətdə ətraf mühitə kükürd dioksid, azot oksidləri və karbon monoksid kimi çirkləndirici maddələrin yayılmasına səbəb ola bilər. Bu isə atmosferdə çirklənmənin artmasına, turşulu yağışların yaranmasına və müxtəlif xəstəliklərin yayılmasına yol aça bilər”.

Ekspert hesab edir ki, davam edən hərbi əməliyyatlar təkcə regionda deyil, qlobal ekoloji təhlükələrə də yol aça bilər


Sizin reklam burada
Sizin reklam burada