“İranın yeni səfirinin ermənilərlə əlaqələri narahatlıq doğurur”- Politoloq

“İranın yeni səfirinin ermənilərlə əlaqələri narahatlıq doğurur”- Politoloq
04 İyn 2025 17:01

“İranın Azərbaycana yeni təyin etdiyi səfirin ermənilərlə əlaqələri narahatlıq doğurur”

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında İranın Azərbaycana yeni təyin etdiyi səfirin şəxsiyyəti və diplomatik fəaliyyəti ilə bağlı maraqlı detalları bölüşüb. Onun sözlərinə görə, sözügedən diplomat regionu yaxşı tanıyan, Cənubi Qafqazla bağlı geniş təcrübəyə malik bir şəxs kimi təqdim edilir.

“Biz İranın bu səfir təyinatını təcrübəli diplomatın bölgəyə göndərilməsi kimi qəbul edirik. O, həm Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyən, həm də Türk dünyası ilə münasibətləri olan bir şəxsdir,” – deyə Anar Əliyev bildirib.

Politoloq qeyd edib ki, səfirin daha əvvəl Gürcüstanda və Qazaxıstanda diplomatik vəzifələrdə çalışması onun regional təcrübəsinin göstəricisidir. Hətta Azərbaycan səfirliyində də fəaliyyət göstərmiş bu diplomatın Bakıya göndərilməsi, İranın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi qiymətləndirilə bilər.

“Təbii ki, İran son dövrlər Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində müəyyən addımlar atmağa çalışır. Yeni səfirin regionu tanıması bu prosesi sürətləndirmək baxımından önəmli görünür,” – deyə Əliyev qeyd edib.

Lakin Anar Əliyev səfirin Gürcüstandakı fəaliyyətinə dair əldə etdiyi məlumatların müəyyən suallar doğurduğunu da bildirib.

“Təəssüf hissi ilə deyə bilərəm ki, Gürcüstanda səfir olduğu dövrdə həmin şəxs oradakı erməni icması ilə kifayət qədər sıx təmasda olub. Onların tədbirlərində iştirak edib, bir sıra açılış mərasimlərində yer alıb,” – deyə politoloq vurğulayıb.

Əliyev bu informasiyanın Azərbaycanın ictimai rəyində səfirə qarşı ilkin etimad mühitinə təsir edə biləcəyini düşünür:

“Əgər İran həqiqətən də Azərbaycanla münasibətləri düzəltmək istəyirsə, belə təmaslar və keçmiş fəaliyyətlə bağlı qeyri-müəyyənliklər aradan qaldırılmalı, şəffaf və dostyana yanaşma nümayiş etdirilməlidir.”

Politoloq sonda bildirib ki, səfirin gələcək fəaliyyəti onun niyyətlərini daha aydın göstərəcək və Azərbaycanın maraqları çərçivəsində atılacaq addımlar diqqətlə izlənəcək.


Sizin reklam burada
Sizin reklam burada