Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İran-İsrail qarşıdurmasının gedişatını şərh edib.
O, News365.az-a açıqlamasında bildirib ki, artıq 8 gündür davam edən müharibə fonunda tərəflərin ritorikası dəyişkən olaraq qalır və xüsusilə ABŞ-İran münasibətləri prosesə ciddi təsir göstərir.
Ekspertin sözlərinə görə, Vaşinqtonun mövqeyi İsrailin hərbi əməliyyatları dayandırmasında müəyyən rol oynaya bilər.

İ.İsmayıl qeyd edib ki, İran danışıqlar masasına daha erkən qayıtsaydı, itkilərini minimuma endirə bilərdi: “Əgər Tehran vaxtında danışıqlara üstünlük versəydi, zərər daha az olardı. Lakin hazırda irəli sürdüyü tələblərin sayı artıb”.
Ekspert vurğulayıb ki, İranın təqdim etdiyi şərtlərlə yanaşı, öz üzərinə götürəcəyi öhdəliklər barədə aydın məlumat yoxdur. Onun sözlərinə görə, beynəlxalq mediada əsasən bir neçə maddə – o cümlədən uranın zənginləşdirilməsi və nüvə silahından imtina məsələləri müzakirə olunur.
İ.İsmayıl əlavə edib ki, İran daxilində qərarların qəbulunda tam vahidliyin olmaması da danışıqlar prosesinə təsir edir: “İdarəetmə əsasən hərbi və siyasi strukturlar tərəfindən həyata keçirilir və bu da vahid mövqenin formalaşmasını çətinləşdirir”.
Ekspert hesab edir ki, İranın irəli sürdüyü tələblər daha çox siyasi üstünlük nümayiş etdirmək məqsədi daşıyır və qarşı tərəfin maraqları yetərincə nəzərə alınmır.