"Microsoft" 2000-ci illərin ortalarında ünsiyyətin əsas vasitələrindən birinə çevrilmiş internet əsaslı telefon və video xidməti "Skype"ı bağlayır.
News365.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Şirkət "X" sosial platformasında verdiyi açıqlamada may ayından etibarən "Skype"ın "artıq istifadəyə yararlı olmayacağını" təsdiqləyib. İstifadəçilərə isə yaxın günlərdə öz hesab məlumatları ilə "Microsoft Teams"in pulsuz versiyasına daxil ola biləcəkləri bildirilib.
"Skype"ın bağlanması, "Microsoft"un bu xidməti 2011-ci ildə 8,5 milyard dollara nağd şəkildə almasının 14-cü ildönümünə təsadüf edir. Həmin vaxt bu, şirkət tarixində ən böyük satınalma idi. "Microsoft" sonrakı illərdə "Skype"ı "Office" və uğursuzluğa düçar olmuş "Windows Phone" mobil əməliyyat sistemi kimi digər məhsullarına inteqrasiya etdi.
"Microsoft 365"in əməkdaşlıq tətbiqləri və platformalar üzrə prezidenti Ceff Tiper şirkətin bloq yazısında bunları qeyd edib:
"Skype müasir kommunikasiya vasitələrinin formalaşmasında mühüm rol oynayıb və saysız-hesabsız dəyərli anlara şahidlik edib. Bu yolun bir hissəsi olduğumuz üçün qürur duyuruq. Biz "Teams"in gətirdiyi yeni imkanlara ümidliyik və istifadəçilərin ünsiyyətini daha yeni və mənalı yollarla davam etdirməsinə sadiqik."
Son illərdə "Skype"ın populyarlığı azalıb, baxmayaraq ki, pandemiya dövründə digər rəqib platformalar kimi müvəqqəti yüksəliş yaşamışdı. "Zoom", "Google Meet" və "Cisco Webex" kimi rəqiblər bazarda mövqeyini gücləndirib, eyni zamanda "Apple"ın "FaceTime" və "Meta"nın "WhatsApp" tətbiqləri də istifadəçilər üçün alternativlər yaradıb. Bundan əlavə, "Microsoft" oxşar xidmətləri təklif edən "Teams" platformasına böyük yatırımlar edib.
Qeyd edək ki, 2003-cü ildə Estoniyada yaradılan "Skype", qısa müddət ərzində pulsuz beynəlxalq zənglər xidməti ilə məşhurlaşdı. O dövrdə beynəlxalq telefon danışıqları bahalı olduğu üçün bu xidmət xüsusi maraq doğururdu. 2005-ci ildə "eBay" şirkəti "Skype"ı 2,6 milyard dollara satın aldı, lakin tərəflər arasında əməkdaşlıq uğurlu olmadı. "eBay" 2009-cu ildə şirkətdəki 65%-lik payını 1,9 milyard dollara investor qrupuna satdı. Daha sonra isə "Microsoft" 2011-ci ildə "Skype"ı tamamilə satın aldı.