İdeoloji dövlət modeli tarixə qovuşur? – Siyasətçidən müasir dövrün təhlili

İdeoloji dövlət modeli tarixə qovuşur? – Siyasətçidən müasir dövrün təhlili
13:56

Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız hərbi güclə təmin edilə bilməz. Dayanıqlı dövlət modeli üçün iqtisadi, sosial və hüquqi sahələrdə də güclü təhlükəsizlik mexanizmlərinin formalaşdırılması vacibdir.

Bunu siyasətçi İqbal Ağazadə News365.az-a açıqlamasında deyib.


O bildirib ki, dövlət bütün siyasətini ölkəyə yönələ biləcək daxili və xarici təhdidləri nəzərə alaraq qurmalı, eyni zamanda xalqın mənafeyini əsas prioritet kimi müəyyən etməlidir.

"Dövlət bütün strukturlarını – istər hərbi, istər siyasi, istərsə də iqtisadi sahələri elə formalaşdırmalıdır ki, ölkəni zəiflətmək istəyən istənilən təhdidə qarşı hazırlıqlı olsun. Ancaq dövlətin əsas missiyası xalqına xidmət etməkdir. Müasir dövlət zor aparatından daha çox cəmiyyətin rifahını və təhlükəsizliyini təmin edən bir institut olmalıdır", – deyə İ.Ağazadə bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik anlayışı yalnız hərbi qüdrətlə məhdudlaşmır.

"Hərbi baxımdan güclü, amma sosial cəhətdən zəif olan dövlət daxildən çökə bilər. İqtisadiyyatı zəif olan ölkə də ciddi risklərlə üzləşər. Digər tərəfdən, iqtisadi və sosial baxımdan güclü, lakin hərbi cəhətdən zəif dövlət isə xarici müdaxilə təhlükəsi ilə qarşılaşa bilər. Buna görə də təhlükəsizlik bütün sahələri əhatə edən vahid doktrina əsasında qurulmalıdır", – deyə o vurğulayıb.

İ.Ağazadə qeyd edib ki, iqtisadiyyatın, sosial siyasətin, eləcə də vətəndaş-dövlət münasibətlərinin də öz təhlükəsizlik doktrinası olmalıdır.

"Cəmiyyətdə elə münasibətlər sistemi qurulmalıdır ki, insanlar problemlərini aqressiya yolu ilə deyil, hüquqi mexanizmlərlə həll etsinlər. Hamı hüquq dövləti qarşısında bərabər olmalı, vətəndaşlarla dövlət arasında qarşılıqlı etimad gücləndirilməlidir", – deyə o bildirib.

Siyasətçi ideoloji dövlət modelinin müasir dövrdə öz aktuallığını itirdiyini də qeyd edib.

"Bu gün dünya ideoloji dövlət modelindən uzaqlaşmağa çalışır. Müasir dövrdə uğur qazanan dövlətlər demokratik dəyərlərə, hüququn aliliyinə və vətəndaşların rifahına əsaslanan idarəetmə modelini seçən dövlətlərdir", – deyə İqbal Ağazadə əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada