Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla Xalq şairi Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.
News365.az xəbər verir ki, mübahisə bu gün Milli Məclisdə keçirilən konfransda baş verib.
“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirəlrdə çıxış üçün dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.
Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Xalq şairi Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker imkan yaratmayıb.
“Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz ( Rafel Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.
Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün başqa gün müraciət edə biləcəyini qeyd edib.
Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.