Milli Məclisin deputatı Anar Allahverənov Hürmüz boğazı ətrafında yaranmış vəziyyət və onun qlobal enerji bazarına təsirləri ilə bağlı fikirlərini açıqlayıb.
News365.az-a danışan deputat bildirib ki, Hürmüz boğazı hazırda mühüm iqtisadi təsir rıçağı rolunu oynayır və xüsusilə neft daşımaları baxımından strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, İran bu boğaz üzərindən təzyiq mexanizmi kimi istifadə etməyə çalışıb və alternativ marşrutlar vasitəsilə neft ixracını davam etdirməyi planlaşdırıb. Lakin ABŞ-ın Amerika Birləşmiş Ştatları tərəfindən Fars körfəzində həyata keçirilən addımlar nəticəsində bu planların bir hissəsi iflic vəziyyətinə düşüb.

Deputat qeyd edib ki, bölgədəki liman və logistika mərkəzlərinin fəaliyyətində yaranan çətinliklər yanacaq bazarında da ciddi təsir yaradıb. Onun sözlərinə görə, neft hasilatında azalma və yanacaq təchizatında yaranan problemlər qıtlıq riskini artırıb.
A. Allahverənov bildirib ki, hazırda bəzi limanlarda böyük həcmdə neft ehtiyatları saxlanılsa da, onların idarə olunması və daşınmasında çətinliklər mövcuddur. Bu isə ümumi enerji balansına təsir göstərir.
Deputat əlavə edib ki, qlobal neft bazarında yaranan gərginlik bir sıra ölkələrdə inflyasiyanın artmasına səbəb olur və bu proses beynəlxalq iqtisadi sabitliyə də təsir edir.
A. Allahverənovun sözlərinə görə, mövcud vəziyyətin davam etməsi enerji bazarında daha genişmiqyaslı dəyişikliklərə gətirib çıxara bilər.