"Bu gün Pakistan və Hindistan arasında dünyanın yeni müharibə ocağı yaranıb və real müharibə ehtimalı olduqca yüksəkdir. Bu vəziyyət Hindistanla Pakistan arasında yeni bir münaqişənin başlanması təhlükəsini artırır."
Politoloq Tural İsmayılov bu sözləri News365.az-a deyib.
"Çünki Kəşmir böhranı ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən indiyə qədər real və təsirli addımlar atılmayıb. Bu böhranın həllinə yönəlik effektiv tədbirlərin olmaması, nəticə etibarilə Hindistan və Pakistan kimi iki qonşu dövlət arasında davamlı gərginliyin və həll olunmayan konfliktin qalmasına səbəb olub.
Tarix də göstərir ki, dünyada həll edilməmiş ərazi münaqişələri sonda çox ciddi savaşlara gətirib çıxarır. Münaqişələrin mövcudluğu hər dövrün əsas qayğılarından biri olub. Yəni əgər münaqişələr zamanında və səmərəli şəkildə həll edilməzsə, bu, labüd şəkildə böhranlara yol açır.
Bu baxımdan, Kəşmir məsələsinin də real nəticələrlə həll olunmaması, tərəflərin danışıqlara cəlb edilməməsi, regionda daha böyük təhlükələrin yaranmasına zəmin yaradır. Son hadisələr də sübut edir ki, Hindistan və Pakistan arasında vəziyyət son dərəcə gərgin mərhələyə çatıb.
Artıq bəzi mənbələrə görə Hindistan Pakistanla su paylaşımını belə dayandırıb. Bu da gərginliyi daha da artıran faktor kimi göstərilir. Mövcud şəraitdə görünür ki, Pakistan müharibədən qaçmağa və sülh təşəbbüsləri irəli sürməyə çalışır. Lakin Hindistan tərəfindən atılan addımlar, təhdid xarakterli bəyanatlar bu prosesə mane olur.
Bir daha vurğulamaq lazımdır ki, Hindistanla Pakistan arasında ciddi bir konflikt mövcuddur və bu problemin həll olunmaması yalnız region üçün deyil, bütün dünya üçün təhlükəli nəticələr doğura bilər."- deyə politoloq bildirib.