“Hindistanın bloklaması Azərbaycanın yolunu dayandıra bilməz” - Tural İsmayılovun şərhi

“Hindistanın bloklaması Azərbaycanın yolunu dayandıra bilməz” - Tural İsmayılovun şərhi
15:10

“Hindistanın bloklaması Azərbaycanın yolunu dayandıra bilməz”

Politoloq Tural İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini növbəti dəfə bloklaması açıq-aşkar ədalətsiz və ziddiyyətli bir mövqedir. Çünki Azərbaycan təkcə regionun yox, bütövlükdə Avrasiya məkanının sabitliyi, enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin formalaşmasında mühüm oyunçudur. Belə bir ölkənin təşkilata qoşulmasına qarşı çıxmaq əslində ŞƏT-in öz maraqlarına da zərbədir.

Hindistan bu addımı ilə Azərbaycanın real geosiyasi çəkisini azaltmaq iqtidarında deyil. Bakı artıq etibarlı enerji təchizatçısı, Cənub Qaz Dəhlizi kimi qlobal layihələrin əsas aparıcı qüvvəsi, eyni zamanda Orta Dəhlizin mərkəzi halqasıdır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artıran obyektiv reallıqdır və heç bir bloklama ilə kölgəyə salına bilməz.

Əksinə, Hindistanın mövqeyi onu göstərir ki, Yeni Dehli regional rəqabətdə öz dar siyasi maraqlarını önə çəkir. Ermənistanla yaxınlıq, Cənubi Qafqazda balanssız siyasət yürütmək Hindistanı böyük dövlətə yaraşmayan mövqeyə salır. Bu isə həm ŞƏT-in nüfuzunu zəiflədir, həm də Hindistanın tərəfdaş kimi etibarlılığına kölgə salır.

Azərbaycan isə bu cür haqsızlıqlara baxmayaraq öz yolunu davam etdirir. Bakı artıq öz sözünü demiş, Qafqazda yeni reallıqları formalaşdırmış bir dövlətdir. Azərbaycan müstəqilliyini və milli maraqlarını hər platformada qorumağı bacaran, iqtisadi gücünü və diplomatik çevikliyini nümayiş etdirən ölkədir.

 Hindistanın bugünkü bloklama siyasəti Azərbaycanın yolunu kəsmir, əksinə Azərbaycanın beynəlxalq dayaqlarını möhkəmləndirir. Çünki Bakı bütün hallarda Çin, Rusiya, Orta Asiya ölkələri və Türkiyə ilə əməkdaşlıq imkanlarını genişləndirəcək. Azərbaycanın gücü artıq bir ölkənin veto siyasətindən qat-qat yüksəkdir və bu reallığı hamı qəbul etməlidir."-deyə fikirlərini bildirib. 

News365.az



Sizin reklam burada
Sizin reklam burada