Hindistan və Pakistan ən böyük hava döyüşü keçirib -125 qırıcı

Hindistan və Pakistan ən böyük hava döyüşü keçirib -125 qırıcı
11:10

Son günlər münaqişənin kəskinləşməsi fonunda Hindistan və Pakistan mayın 7-nə keçən gecə ən azı 125 qırıcı təyyarənin eyni vaxtda havada döyüşünü reallaşdırıblar. Bu isə müasir aviasiya tarixində ən böyük və ən uzun sürən döyüşlərdən biridir.

Bu barədə CNN məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.


Pakistanın təhlükəsizlik qüvvələrindəki mənbələr bildiriblər ki, onlar Hindistana qarşı cavab tədbirlərı zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarə və bir pilotsuz uçan aparatı vurublar.


CNN-in məlumatına görə, mayın 7-nə keçən gecə döyüşdə ümumilikdə 125 qırıcı iştirak edib.Eyni zamanda hər iki tərəf öz hava məkanını tərk etməyib.


Saytın mənbələri onu da əlavə ediblər ki, raket döyüşləri bəzən 160 kilometrdən çox məsafədə baş verib: "Pakistan və Hindistan qırıcıları arasında səma döyüşü müasir aviasiya tarixində ən böyük və ən uzunmüddətli döyüşlərdən biri oldu".


Xatırladaq ki, Hindistan Pakistan ərazilərini bombalayıb. Belə ki, dünən Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. 

Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.


22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Tural


Sizin reklam burada
Sizin reklam burada