Həcc ziyarətinin ən baha və ən ucuz başa gəldiyi ÖLKƏLƏR

Həcc ziyarətinin ən baha və ən ucuz başa gəldiyi ÖLKƏLƏR
12:14

2025-ci il üçün Həcc ziyarəti davam edir. Dünyanın dörd bir yanından Məkkəyə gedən zəvvarlar burada qurban kəsib, ibadətlərini edirlər.

News365.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.

Həcc ziyarətinə qatılacaq zəvvarların sayını Səudiyyə Ərəbistanı ölkələrin müsəlman əhalisinə əsasən müəyyən edir.

Qeyd edək ki, bu il Azərbaycan üçün 1250 nəfər kvota ayrılıb. 2025-ci il üçün ən çox kvota ayrılan ölkələr aşağıdakılardır:

İndoneziya – 221,000 zəvvar

Pakistan – 180,000 zəvvar

Hindistan – 175,025 zəvvar

Banqladeş – 127,198 zəvvar

Nigeriya – 95,000 zəvvar

İran – 87,550 zəvvar

Əlcəzair – 41,300 zəvvar

Türkiyə – 37,770 zəvvar

Misir – 35,375 zəvvar

Sudan – 32,000 zəvvar.

Keçən il Həcc zamanı 1,300-dən çox zəvvarın istidən həyatını itirməsindən sonra bu il Səudiyyə Ərəbistanı bir sıra təhlükəsizlik tədbirləri görüb. Bu tədbirlərə günorta saatlarında açıq havada olmağın məhdudlaşdırılması, zəvvarlara açıq rəngli geyim və çətir istifadəsinin tövsiyə edilməsi daxildir.

Bu il, həmçinin Həcc ziyarətində 12 yaşdan kiçik uşaqların iştirakı qadağan edilib. Qərar böyük izdiham və yüksək temperatur şəraitində uşaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin qiyməti təxminən 5,950 ABŞ dolları təşkil edir. Bu məbləğə aviabiletlər, yaşayış, nəqliyyat və digər xidmətlər daxildir.

2025-ci ildə Həcc ziyarətinin ən ucuz başa gəldiyi ölkələrin sırasında ilk yerləri Pakistan, İndoneziya və Qazaxıstan tutur. Pakistan hökumət proqramı çərçivəsində zəvvarlara təqribən 2600-3200 ABŞ dolları arası qiymətlərlə Həcc ziyarətini həyata keçirməyə imkan verir. İndoneziyada bu rəqəm 2000-5000 dollar aralığında dəyişir və dövlət dəstəyi ilə daha münasib paketlər təklif olunur. Qazaxıstan və digər Orta Asiya ölkələrində də qiymətlər 2500-3000 dollar civarındadır.

Hindistanda qiymətlər daha geniş aralığa malikdir - təqribən 4900-dən 8000 dollaradək. Burada da dövlət və özəl sektorda müxtəlif paketlər mövcuddur. Banqladeşdə isə Həcc qiymətləri 4000-5000 dollar civarındadır və 2025-ci ildə əvvəlki illərlə müqayisədə təxminən 1000 dollar azalma qeydə alınıb.

Ən bahalı ölkələr arasında Küveyt (32 min dollar), Qətər (15 770 dollar) və Mərakeş (9150 dollar) var.


Sizin reklam burada
Sizin reklam burada