Harada namaz qılmaq olmaz? - Tural İrfan yazır

Harada namaz qılmaq olmaz? - Tural İrfan yazır
20 İyn 2024 11:18

Şəkilə, ocağa, qəbrə, heykələ qarşı namaz qılmaq olmaz. Əgər ibadət niyyəti ilə edilsə küfrdür, bütpərəstlik, atəşpərəstlikdir. Yox əgər ibadət məqsədi ilə yox, qiblə o şeylər tərəfdə olsa da belə bidətdir, başqa yer seçmək lazımdır. Namaz üçün yer məhdudluğu ucbatından, əlacsızlıqdan bir neçə dəfə olsa eybi yoxdur.

Namaz qılan önünə sütrə, nəsə bir əşya qoymalıdır ki, qarşısından bilmədən keçən mane olmasın. Lakin ocağı, sobanı, qəbri, şəkili, heyvanı, heykəli, canlı hər hansı bir şeyi sütrə seçmək də uyğun deyil.

Hamamda, ayaqyolunda, Kəbənin üstündə, məzarlıqda, yol üstündə, mal-heyvan arxacında, tövləsində də namaz qılmaq olmaz.

Namaz təmiz yerdə qılınır. Üstündə namaz qılınan əşya həsir, xalça, taxta döşəmə, dəmir, mərmər ola bilər. 7 vacib səcdə yerlərindən yalnız alına xüsusi olaraq daş parçası, möhür, torpaq qoymağa da ehtiyac yoxdur. Çox zaman möhür və daşlar kiçik olduğu üçün alın tam yerə dəymiş olmur, sadəcə bir hissəsi toxunur ki, bu da namaza xələl gətirə bilər. Alın - dəstəmaz alanda yuyulan hissədir, möhürün əhatə etdiyi kiçik hissə yox. Hətta bəziləri burunu da alından hesab ediblər.

Əgər torpağa və ya torpaqdan yaranan şeyə səcdədən söhbət gedirsə üstündə namaz qılınan taxta, xalça, palaz, kilim, həsir kimi şeylər də torpaqdan hasil olur. Yun da heyvandan alınır, heyvan da torpaqdan yaradılıb.

Çox zaman məscidlərdəki möhürlərin üstündə qalın kir olur. Bu çirk o qədər qalın olur ki, namaz qılanın alnının torpağa təmasını əngəlləyir. Möhürün vacib olmasına etiqad edib onunla namaz qılanlar yaxşı olar ki, təmiz və alını tamamilə əhatə edən möhürdə qılsınlar. Möhürün çox qalın və hündür olması da nöqsandır. Çünki səcdə əzalarının biri yuxarı, digərləri aşağı olmuş olur.

Təmiz torpaqdan hazırlandığını dəqiq bildiyi möhürdə namaz qılmağın keç bir eybi yoxdur. Bidət də deyildir. Çünki torpağa səcdə etməyin fəzilətli olmasını, sünnət olmasını, Peyğəmbərin də belə etdiyini hamı qəbul edir. Əgər deyilsə ki, Peyğəmbər torpağa səcdə edib möhürə yox, onda deyilər ki, bəli, Peyğəmbər xalçaya da səcdə etməyib. O meyarla götürsək ki, möhür bidətdir, onda gərək xalçanın da bidət olmasını deyək. Odur ki, namaz möhürlə də məqbuldur, möhürsüz də. Hənəfi, Sələfi, Maliki, Hənbəli, Zeydi, İbadiyyə, Şafii, İsmaili fiqhinə görə xüsusi olraq torpağa, möhürə alnı qoymağa gərək yoxdur. Yalnız İmamiyyə-Cəfəri fiqhinə görə səcdə zamanı alın mütləq torpağa dəyməlidir.

Tural İrfan, MCP-nin sədr müavini, ilahiyyatçı


Youtube kanalımız

Oxşar xəbərlər