Gürcüstanda təhsil mərkəzlərinə 600-ə yaxın Azərbaycan dilində kitab hədiyyə olunub

Gürcüstanda təhsil mərkəzlərinə 600-ə yaxın Azərbaycan dilində kitab hədiyyə olunub
11 İyl 2025 16:44

Gürcüstanda yaşayan azərbaycanlı icmaların təhsil və mədəni inkişafına dəstək məqsədilə 600-ə yaxın Azərbaycan dilində bədii kitab Gürcüstanın bölgələrində fəaliyyət göstərən təhsil, mədəniyyət və icma mərkəzlərinə hədiyyə olunub.

Kitabların paylanması “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin maliyyə və “Maarif” təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.

Kitab kampaniyasının əsas məqsədi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə gənclərin Azərbaycan dilində bədii ədəbiyyata çıxış imkanlarını artırmaq, dil və mədəniyyətin qorunmasına töhfə verməkdir.

Kitab təqdimatı və paylanma mərasimində Azərbaycanın Gürcüstandaki səfirliyinin əməkdaşları, Tbilisi, Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və Laqodexidə yerləşən təhsil, tədris və icma mərkəzlərinin rəhbərləri, müəllimlər və gənclər iştirak ediblər.

Layihə çərçivəsində paylanan kitabların gənclərin dünyagörüşünün inkişafına, ana dilində oxu vərdişlərinin formalaşmasına və Azərbaycan mədəniyyətinə marağın artırılmasına xidmət edəcəyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada