Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onlayn ticarətdə istehlakçıların qarşılaşdığı problemlərlə bağlı xəbərdarlıq edib.
News365.az-a açıqlama verən qurum rəhbəri bildirib ki, son illərdə onlayn satışların artması klassik ticarəti müəyyən qədər üstələyib və bu sahədə yeni risklər yaranıb.
Onun sözlərinə görə, bəzi hallarda şəxslər fiziki mağazası olmadan sosial şəbəkələr vasitəsilə məhsulların reklamını aparır, müştərilərlə razılaşma əldə etdikdən sonra isə məhsulu üçüncü tərəflərdən daha ucuz qiymətə alaraq satırlar.
Bu proses isə bir sıra hallarda mağaza sahiblərinin belə məlumatı olmadan həyata keçirilir.
Eyyub Hüseynov qeyd edib ki, istehlakçılar tez-tez aldadılma halları ilə üzləşir, sifarişdən sonra satıcı ilə əlaqənin kəsilməsi və telefon zənglərinə cavab verilməməsi kimi şikayətlər artır.
O, xüsusilə dərman məhsullarının onlayn şəkildə alınmasının riskli olduğunu vurğulayaraq, bu məhsulların böyük hissəsinin saxta ola biləcəyini bildirib.
Qurum sədri vətəndaşlara tövsiyə edib ki, tanımadıqları onlayn səhifələrdən alış-veriş etməsinlər, satıcının fiziki mağaza və ya anbar ünvanı barədə məlumatı dəqiqləşdirsinlər.
Eyyub Hüseynov əlavə edib ki, problem yaşayan istehlakçılar aidiyyəti qurumlara müraciət edə bilərlər.