Azərbaycan-Çin əlaqələri yeni MƏRHƏLƏDƏ

Azərbaycan-Çin əlaqələri yeni MƏRHƏLƏDƏ
19:13

Bu Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə əlaqələrini dinamik inkişaf etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibəsi zamanı xüsusi vurğulamışdır: “Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktuabların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin də öz növbəsində Azərbaycanla Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulamışdır. Göründüyü kimi, Azərbaycan-Çin əlaqələrinin daha dinamik inkişaf etdirilməsi üçün hər iki ölkənin liderləri səviyyəsində siyasi iradə və istək mövcuddur. Bu baxımdan, Çinin bundan sonrakı inkişaf perspektivləri haqqında daha əhatəli təsəvvürlərə malik olmaq üçün XV beşilliyin hədəflərinə yaxından diqqət yetirmək vacibdir. Növbəti beşillik sosial-iqtisadi inkişaf planında 2026-2030-cu illər üçün həyata keçiriləcək işlərin əsas vektorları müəyyənləşdirilir. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi olduqca əhəmiyyətlidir. Belə ki, XV beşillik sosial-iqtisadi inkişaf planında müəyyənləşdirilən vəzifələrin uğurla yerinə yetirilməsi 2035-ci ilə qədər Çinin iqtisadi gücünü, elmi-texniki potensialını və beynəlxalq münasibətlər sistemində təsir imkanlarını təmin edəcək. Beşillik sosial-iqtisadi inkişaf planının qəbul olunduğu IV plenumda əsas beş istiqamətdə işlərin görülməsinin vacibliyi müəyyənləşdirilmişdir. Birinci istiqamət innovativ inkişafın təmin edilməsindən ibarətdir. Ölkənin texnoloji suverenliyinin daha da etibarlı təmin olunması ÇXR rəhbərliyinin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Hələ III plenum çərçivəsində də ÇXR sədri Si Cinpin milli inkişafın innovasiya potensialının yüksəldilməsinin vacibliyini qeyd etmişdir.  İkinci istiqamət inkişafın institusional bazasının təkmilləşdirilməsindən ibarətdir. Yəni, effektiv bazarlarla effektiv hökumətin qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsi. Hələ ötən il ÇKP MK 2029-cu ilə qədər dövlətlə bazar arasında daha dəqiq strukturlaşdırılmış münasibətlər sisteminin qurulmasını məqsəd kimi müəyyənləşdirmişdir. Üçüncüsü, Çin “yaşıl” inkişaf xəttini davam etdirəcək. Yəni, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin daha gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. ÇXR-in sədri Si Cinpin BMT-nin profil konfransına videomüraciətində yeni vəzifələri müəyyənləşdirmişdirərək, bildirmişdir ki, ölkəsi 2035-ci ilə qədər parnik qazlarının emissiyasını 7-10% azaldacaq. Buna nail olunması üçün tətbiq ediləcək mexanizmlər haqqında Çində artıq aydın təsəvvürlər mövcuddur. Belə yaşıl enerji mənbələrinin altı dəfədən artıq inkişaf etdirilməsi planlaşdırılır. Dördüncüsü, xarici kapital üçün bazarların genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xarici iqtisadi fəaliyyətin daha da inkişaf etdirilməsi mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilir. Növbəti beşillik planda qeyd olunur ki, “biz xarici aləmə institusional açıqlığın genişləndirilməsini davam etdirəcəyik, çoxtərəfli qlobal ticarət sistemini dəstəkləyəcəyik, bütün dünya ilə birgə inkişaf imkanlarını tapacağıq. Nəhayət, beşinci istiqamət əhalinin rifah halının daha da yüksəldilməsindən ibarətdir. Çin rəhbərliyinin istinad etdiyi vacib prinsiplərdən biri ondan ibarətdir ki, varlı əhali ümumilikdə iqtisadi inkişafın əsasını təşkil edir.

Göründüyü kimi, XV beşillik sosial-iqtisadi inkişaf planında müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri ümumilikdə Çinin milli iqtisadi inkişafına yeni dinamiklik gətirəcək. Bu, həm də digər ölkələr kimi, Azərbaycana da Çinlə daha geniş əməkdaşlıq sistemini qurmağa imkan verəcək.        

Elşad Mirbəşir o.

Siyasi elmlər doktoru, professor.


Sizin reklam burada
Sizin reklam burada