Növbəti qurultayına hazırlaşan Türkiyənin Cümhuriyyət
Halk Partisi bu günlərdə özünün yeni seçki proqramlarını təqdim edib. Dörd (https://program.chp.org.tr/
)ayrı sahəni əhatə edən proqramlar içərisində “Dış Politika, Güvenlik ve
Dirençlilik” başlığı ilə olanı oxudum. “Yurtta sülh – cihanda sülh”
konsepsiyasına qayıdacağını bəyan edən CHP əsas istiqamətinin Avropa Birliyi və
NATO olacağını bildirir.
Geniş həcmli
sənəddə Türkiyənin Qafqaz, Mərkəzi Asiya və TDT ilə əməkdaşlıq istiqamətlərinə ötəri
yanaşılır. Görünən odur ki, CHP xarici siyasətdə Türkiyənin aktiv hücum
diplomatiyasından müdafiə diplomatiyasına keçidi hədəfləyir. Aİ və NATO ilə əməkdaşlığın
dərinləşdirilməsi barədə bəyanat da bunun göstəricisidir. Çünki Aİ üzvlüyünü hədəfləyən
hər bir ölkə ilk növbədə Brüsselin direktivlərini yerinə yetirməlidir.
Sənəddə KKTC
ilə əlaqələr barədə müəyyən
istiqamətlər qeyd edilsə də, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə
strateji tərəfdaşlığın konturları barədə məlumat verilmir. Görünən odur ki, CHP
Qafqazı və Mərkəzi Asiyanı yalnız bir region, türk dövlətlərini isə bu regionun
kiçik bir parçası kimi görür.
Nəzərə alsaq
ki, Avropa İttifaqı və ABŞ regionla bağlı siyasətlərində Azərbaycan və Mərkəzi
Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsini hədəfləyir, Avropa Azərbaycanın
Mərkəzi Asiyaya açılan əsas qapı və Xəzərin resurslarını Avropanın enerji təhlükəsizliyi
arxitekturasında əsas mənbə kimi qiymətləndirir, onda CHP-nin açıqladığı bu sənədin
icrasının elə Türkiyənin milli və regional maraqlarına birbaşa zərbə olduğu
görünür.
Yəni Avropa İttifaqına “yaxşı oğlan” kimi görünmək üçün CHP Qafqazda və Mərkəzi Asiyada Türkiyənin milli maraqlarından imtina etməyə, Azərbaycanla formalaşmış strateji tərəfdaşlığı zəiflətməyə meyilli təsir bağışlayır.
Aqil Məmmədov, politoloq