“Hesabatdan da göründüyü kimi 2024-cü il ən uğurlu illərdən biri kimi səciyyələnir. Belə ki, ölkədə 2024-cü ildə 126.3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM 6,2 faiz artıb. Əsas kapitala isə 21,5 milyard manat məbləğində investisiya yönəldilib. Valyuta ehtiyatlarımız artaraq 72 milyard dollara çatıb”.
News365.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.
Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının əsas amilləridən biri də ölkənin dayanıqlı iqtisadiyyata malik olmasıdır.
“Qarşıya qoyulmuş əsas məqsədlərdən biri də ölkə iqtisadiyyatını şaxələndirmək, dayanıqlı və davamlı inkişafı təmin etmək olub.
Əldə olunan naliyyətlər sübut edir ki, Prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycanın unikal iqtisadi inkişaf modeli formalaşıb.
Ölkəmiz öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyil. İqtisadi müstəqillik təbii olaraq ölkəmizə beynəlxalq arenada daha böyük imkanlar qazandırıb”, - o qeyd edib.
Deputat bildirib ki, görülən məqsədyönlü siyasət nəticəsində ölkəmiz dünya birliyində siyasi, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli dövlət kimi mövqeyini daha da möhkəmləndirib.