“Ermənistan təxribatlarla sülhü ləngidir və özünü çətin vəziyyətə salır” – Deputat

“Ermənistan təxribatlarla sülhü ləngidir və özünü çətin vəziyyətə salır” – Deputat
30 May 2025 14:15

Ermənistanın son dövrlərdə şərti sərhədlərdə həyata keçirdiyi təxribatlar bölgədə sabitliyin bərqərar olmasına ciddi maneə yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Natiq Həmzəyev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan bu təxribatlarla həm Avropa İttifaqının müşahidə missiyasını legitimləşdirməyə çalışır, həm də beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanı təhdid kimi təqdim etmək niyyəti güdür:

“Təəssüf ki, biz atəşkəsin pozulması hallarına mütəmadi olaraq şahid oluruq. Ermənistan bu davranışlarla daxili auditoriyaya da təsir göstərmək istəyir. Lakin bu cəhdlər nəticəsiz qalacaq”.

Deputat qeyd edib ki, Ermənistanın bu mövqeyi sülh danışıqlarını uzadır:

“Azərbaycanın sülhə məcburetmə siyasəti indiyə qədər uğurla həyata keçirilib. Ermənistan gec-tez Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcbur olacaq. Bu şərtlərə ərazi iddialarından imtina, Minsk qrupunun fəaliyyətinin rəsmən dayandırılması və Zəngəzur dəhlizinin açılması daxildir”.

Natiq Həmzəyev, həmçinin, bildirib ki, sülhün təmin olunması üçün Ermənistan səmimi olmalı, təxribatlardan və xarici dəstəyə arxalanaraq apardığı qarayaxma kampaniyalarından imtina etməlidir:

“Sadəcə formal sənəd imzalamaqla sülh təmin olunmaz. Ermənistan təxribatlarını davam etdirərsə, özünü daha da ağır vəziyyətə salacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələri sərhəd zonalarında hər cür təxribatın qarşısını almağa qadirdir və bu istiqamətdə tam hazırlıqlıdır.

“Ermənistan anlamalıdır ki, Azərbaycanın hərbi və diplomatik gücü durmadan artır. Bu reallığı nəzərə almayan istənilən addım Ermənistan üçün ciddi nəticələr doğura bilər”.


Sizin reklam burada
Sizin reklam burada